Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupu ilə görüşdü

19:09 20-08-2019 1656

Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, nazir həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək barəsində tərəfimizdən edilən müraciətə dərhal cavab verərək mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.