Mandılbayev deyir ki, bir həftə Çindən üzqırxan gəlməsə, ölkədə təkamül prosesi geriyə sıfırlanar

19:54 20-08-2019 2470

Aqşin Yenisey yazır...

İtalyan filosofu Benedetto Kroçe elmin və sənətin fərqindən danışanda yazırdı ki, bu fərq ondan ibarətdir ki, sənət gözəllik yaradır, elm isə fayda verir. Məqsədlərin yeri dəyişəndə, yəni sənət fayda verməyə, elm gözəllik yaratmağa girişəndə, ya da bu "giriş” onlardan tələb olunanda hər ikisi sifətə yaxılan torta dönür, nə gözəlliyi qalır, nə də faydası. 

Laqqırtı mühitində belə bir söz var ki, italiyanlar da Avropanın azərbaycanlılarıdır, guya onlar da bizim kimi dünyanın 4,5 milyard illik ömrünün dəyərini "beşgünlük dünya" deyib axşambazarı qiymətinə salacaq qədər zarafatcıldırlar, heç nəyi ciddiyə almır, əhli-kef yanaşmalara bayılırlar. Həyatı "yola vermək" - irsi prinsip bu. Yazıya italyan filosofundan sitat gətirməklə başlamağım da Appenin yarımadasında yaşayan qan qohumlarımıza Qafqazsayağı bir gözvurmadır.

Ola bilsin ki, Kroçenin sözləri İtaliya üçün keçərlidir. Amma Azərbaycana, belə deyək, Qafqazın İtaliyasına gəlincə, məsələ tam əksinə dəyişir; bizdə insanlar sənətdən fayda, elmdən gözəllik umurlar. Məsələn, ən klassik sənət növü olan şeir nəyinsə uğrunda deyilsə, busə uğrunda qız evini aşiqin xəyalında daşa basmırsa, yağıları öz aləmində yıxıb sürümürsə, yaxud bir nəğmə toylarımızı yasa çevirən gitaranın yanıqlı müşayiəti altında və tamada naləsi ilə bir ayağı o biri dünyada olan qoca analarımızı gildir-gildir ağlatmırsa, bir qəzəl kasıba mübarizə, bir poema varlıya özgüvən hissi bəxş etmirsə, o, bir qəpiklik sənət əsəri deyil.

Sənət əsəri dediyin zad gərək şey olsun, qarpız kimi real meyarlarla ölçülə bilsin, yoxsa biz onun, həqiqətən, sənət əsəri olduğunu haradan bilə bilərik ki?

Yaxud oxuduğun elmi hər şeydən əvvəl bacıuşaqlarını qudurdan "çak-çuka", əyin-başda bahalı, yaraşıqlı əsgi-üsgüyə, başqalarının telefonunda "0"ların yan-yana düzüldüyü bildirçin yuvasına oxşayan nömrəyə, şəhərin, qəsəbənin, kəndin harasından baxsan görünən məbədə, bir sözlə, ətrafındakı insanları infarkt edəcək qədər zahiri bər-bəzəyə, gözəlliyə çevirməmisənsə, demək ki, eşşəkarısı kimi boşuna gedib-gəlmisən elm ocaqlarına. Kaş sənin kimi beş dənə savadlı kasıb alimdənsə, bir dənə Rusiyanın "Sadovod" bazarında yelpənək satıb pula pul deməyən alverçimiz olaydı!

Ankarada bir özbək qonşum var; burada mühəndis işləyir. Öz aramızda ona Abdılbas Mandılbayev deyirəm, haradansa yadımda qalıb ki, Orta Asiya respublikalarının birində belə bir sovet şairi olub. Mandılbayevlə tez-tez ölkələrimiz haqqında söhbətlərimiz olur. Baba Teymurləngin fateh kimi gəldiyi Ankaraya mühəndis-mühacir kimi sığınan nəvə Mandılbayev özbəklərin "çörək səyyahı" olmalarında intellektual Asiya ilə dib-dibə yaşamalarına baxmayaraq, Özbəkistanda elmə olan biganə münasibəti suçlayır.

O gün yenə açmışdı gül ağzını. Deyir, abi, Özbəkistanda elm heç vaxt elmlə məşğul olmayıb, - mühəndisdir deyə elm yanıqlı yeridir, - özbəklərin ən böyük problemi budur, elmi heç vaxt elmi məqsədlər üçün "kullanmırlar". Heç vaxt da Özbəkistanda elmə elmi əhəmiyyətinə görə qiymət verməyiblər. Deyir, bizdə elmin əhəmiyyəti onun ictimai faydası, xeyir-şər funksionallığı ilə ölçülür, bir növ, modern din kimi bir şeydir. Deyir, Özbəkistan doludur "həci fizik"lərlə, "həci bioloq"larla. Sizdə də belədir?

"Elm hər bir özbəyə özünü mədəni aparmaq, ağzının danışığını bilmək, təkamül nəzəriyyəsindən dərs desə də, allah yolunda qurban kəsmək, dindar olsa da, içki məclisində özünü təmkinli aparmaq kimi ara işləri üçün lazımdır" deyib yanıb tökülür. Deyir, bizdə hətta sovetlər dönəmində də valideynlər qızlarını "oxumuş oğlan"a ona görə ərə vermirdilər ki, elmdən ötrü sino gedirlər, ona görə verirdilər ki, qızları əsəbiləşdirəndə "oxumuş oğlan" "oxumamış oğlandan" fərqli olaraq, quyruğuna yağ çəkərdi, bal çəkərdi və arvadını vurub xurd-xəşil etmək əvəzinə, yanağına xal çəkərdi. Daşkənd universitetləri bir ucdan bildiyimiz "Siçan bəy" yetişdirmək üçün lazım idi (Bizim "Tıx-tıx xanım"dan biri də onlarda var). "Oxumuş oğlanın" ailə səadətinin, türklər demiş, "alt yapısı" bu idi o vaxt, indi heç bu da yoxdur! Ölkəmin mağmın intellektualı bütün günü quyruğunu yağa-bala batırıb xal çəkəcəyi yanağın yolunu gözləyir. Ağzından çıxanı yazıram, toba!  

Deyir, bizdə elmin məqsədi ən pis halda babat maaş qazanmaqdır. Özünü elmin ictimai faydasına deyil, elmi əhəmiyyətinə həsr etmiş məşhur özbəklərin, demək olar ki, hamısı xarici ölkə vətəndaşlığını qəbul etmiş alimlərdir. Mandılbayev içəndə özünü  də onların cərgəsində görür. Mən ona Rusiyanın "S-400" zenit-raket kompleksinin azərbaycanlı alim tərəfindən ixtira olunduğunu deyib qürurlananda çəçədi, ovurdlarındakı çayı qəndqabıya püskürüb qəndləri şirəyə döndərdi. Deyir, abi, Azərbaycanı 200 il işğal altında saxlayan Rusiyaya dünyanın ən güclü hava hücumundan müdafiə silahını qayırıb verən Aşurbəyovun sənə nə dəxli var? Deyir, o irəlidən Osmanlı sultanı II Mehmetin toplarını tökən ustalar da xristianlar idi. Bizans imperatoru ilə maaş üstündə çənə-boğaz olan macar əsilli Urban usta yaxşı maaş vəd etdiyi üçün dünyanın ən güclü toplarını Osmanlı sultanı üçün hazırladı və axırda o boyda Bizans imperiyasının üç qat divarla qorunan paytaxtı Konistantinopol bir usta maaşının güdazına getdi. Deyir, Özbəkistandan da gedib ona-buna milyonlar və güc qazandıran elm adamları Urban usta kimi öz ölkələrində maaşa qurban gedənlərdir. 

Baxıram ki, düz deyir. Məsələn, ruslar üçün "S-400" qayıran və azərbaycanlı olduğu deyilən alim Qafqazın bu üzündə elmlə elmi əhəmiyyətinə görə məşğul olsaydı, az maaş aldığı üçün ilk növbədə qayınanası arvadını boşatdıracaqdı ki, az, bu nə "S-400", "S-400" salıb e, xalxın uşağı ikinci "Gelandewagen"i aşırır. O da ailəsi dağılmasın deyə, universal biliyini ya uşaq hazırlaşdırmağa xərcləyəcəkdi, ya da mələklərin-zadın sürətini hesablayıb dini burjuanın əlinə göz tikmək keçəcəkdi könlündən.

Mandılbayevlə söhbətimizə ara verib elmin tarixi inkişafına bir göz ataq. Elmşünaslar elmin inkişafını Misir və Mesopotamiya sivilizasiyaları dövründə təcrübi olmayan empirik məlumatlar toplamaq, Antik Yunanıstanda kainatın izahına yönəlik elmi təcrübələr aparmaq, İslamın ilkin dövrlərində elmi araşdırmalara meyil etmək və İntibah sonrası proseslərin yer aldığı modern elmin yarandığı dörd yerə bölürlər.

İkinci Dünya Müharibəsindən sonra isə dünya daha bir elmi mərhələ ilə qarşılaşdı; keçmiş sovet ittifaqında dövlətin nəzarətində inkişaf edən "dövlət elmi" ilə. Biz də o zamanlar sovetlərin tərkibində olduğumuz üçün elmimiz dövlətin inzibati fəaliyyət növlərindən biri şəklinə salındı. Ədəbiyyat, sənət kimi sovetin "dövlət elmi" də elmin problem kimi gördüyü məsələlərin həlli ilə deyil, dövlətin problem kimi gördüyü işlərin icrası üçün əlləşməliydi.

Nəticədə, sovet elmi sovet insanını sağ-salamat kosmosa uçura bildi, amma onu sağ-salamat geri gətirə bilmədi, çünki əməlinin sahibi özü deyildi. Sovetlər dağıldıqdan sonra qurulan yeni müstəqil dövlətlərin, demək olar ki, hamısı elm, sənət istehlakçısıdır. 

Tarixi inkişafa nəzər salsaq, elmin daha çox üç səbəbdən törədiyinin şahidi oluruq; ehtiyac, maraq, şöhrət. XV-XVIII əsrlərdə elmlə daha çox ehtiyac üzündən maraqlanırdılar, məsələn, protestantlar "Bibliya"nın tərcümələrini yaymaq üçün bir yol, bir vasitə axtarırdılar. Katoliklərin asılılığından qurtulmağın yeganə yolu "Bibliya"nın tərcümələrini yaymaq idi, ancaq o qədər kitabı əllə köçürmək uzun və çətin iş idi. Beləliklə, ilk kitab çap edən dəzgah yaradıldı və ilk olaraq "Bibliya"nın nüsxələri nəşr edildi.

Sənaye inqilabı və sonrakı dövrdə isə elm fərdi marağa, şəxsi təşəbbüskarlığa verilən patent hüququ sayəsində inkişaf etməyə başladı. Əslində, elmə fərdi maraq həmişə var idi, hələ sənaye inqilabından əvvəl 1585-ci ildə Qalileo yaxşı qazanc vəd edən tibb təhsilini riyaziyyata olan marağı üzündən yarımçıq atmışdı. Eynşteyn bunu öz adından belə etiraf edirdi: "Heç bir xüsusi istedadım yoxdur, sadəcə, maraq azarı olan bir insanam". 

XX əsrin elmi daha çox şöhrət yarışı idi. Keçmiş sovet ittifaqında elm yalnız dövlətin ehtiyaclarını qarşılamalı, yalnız dövlətin maraqlarına xidmət etməli və yalnız dövlət mükafatları ilə qane olmalı idi. İttifaq dağıldı və "dövlət elmi" anlayışının bir illüziya olduğu üzə çıxdı.

Mandılbayev deyir ki, bizdə elm adına hər şey var; universitetlər, akademiklər, professorlar, tələbələr və hamısı da nə işləsə məşğuldurlar, ancaq bir həftə Çindən üzqırxan gəlməsə, ölkədə təkamül prosesi geriyə sıfırlanar.   

Mandılbayev məndən fərqli olaraq mühəndisdir, o, elmi-texnoloji gələcəyi  həm də hiss edə bilir. O gün bir az içəndən sonra dərin xəyallara daldı və birdən ah çəkib qayıtdı ki, abi, belə davam eləsə, xarici robotların gəlib milli adət-ənənələrimizdən "bəlgəsəl" çəkəcəyi gələcəyin ibtidai xalqlarından birinə çevriləcəyimiz dövrə çox qalmayıb. Sonra da çağdaş özbək şairi Erkin Vahiddən bu bəndi oxudu: 

"Ey bədbin,
Sən qəzəli köhnə deyə xor görmə
sevgi də insan qanında 
Adəm babadan qalıb".