Mehman Xəlilov: Erməni samboçusu mənə uduzmağı ilə barışa bilmirdi

19:27 22-06-2019 592

Erməni idmançıya qalib gəldiyim üçün sevincliyəm. Düşmən ölkənin idmançısına qalib gəlmək çox sevindirici haldır. Görüş çox çətin olmadı. Onunla görüşdən əvvəl də qalib gələcəyimə əmin idim. Allahın köməkliyi ilə qalib gəldim.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu erməni idmançısı Maksim Manukyanı məğlub edərək Azərbaycana II Avropa Oyunlarında ilk bürünc medal qazandırmış Mehman Xəlilov bildirib.

O, erməni idmançısı ilə qarşılaşmada motivasiyaya ehtiyacının olmadığını qeyd edib:

“Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam var idi. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi, uduzmağı ilə barışa bilmirdi. Mənim atdığım dörd xala etiraz bildirdilər. Amma hakimlər təkrara baxdıqdan sonra gördülər ki, dörd xallıq fənddir. Rəqibim erməni olduğu üçün ilk dəqiqələrdə həyəcan vardı. Amma adam get-gedə açılışır. Karyeramda daha əvvəl də belə hal olub. İki döyüşə bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal görüşündə çıxış etdim. Allaha şükür ki, qələbə qazandım”.

Səbuhi MUSAYEV