Sotomayor: Məqsədim erməniyə qalib gəlmək idi

19:54 22-06-2019 623

Yarışa yaxşı hazırlaşmışıq. Mən də yaxşı formadayam. Məqsədim çıxışımı uğurla başa vurmaqdır.

Bunu HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında kubalı boksçumuz Lorenso Sotomayor deyib.

69 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız 1/16 final çərçivəsində ermənistanlı Qurqen Madoyana 5:0 hesabı ilə qalib gəlib. L. Sotomayor bildirib ki, rəqibi üzərində inamlı qələbəsində məşqçilər korpusunun da lazımı tövsiyələri rol oynayıb:

“İlk qarşılaşma bir qədər çətin olur. Mən də rəqibimi kifayət qədər analiz etmişdim. Bu cəhətdən də görüşdə ciddi çətinlik çəkmədim. Məqsədim erməniyə qalib gəlmək idi və 5:0 hesabı ilə qələbə qazandım”.

Boksçumuz 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

L. Sotomayorun sözlərinə görə, məqsədi tək bu görüşdə deyil, bütün qarşılaşmalarda qalib olmaqdır:

“Növbəti görüşdəki rəqibimi demək olar ki, tanımıram. Amma döyüşünə baxdım. Ona da qalib gəlmək istəyirəm. Hədəfim Bakıdakı Avropa Oyunlarında olduğu kimi, yenə bu turnirin çempionu olmaqdır”.

Səbuhi MUSAYEV