Cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi mənzillə təmin edilib - FOTO

20:40 29-10-2021 378

Azərbaycan paralimpiya hərəkatının fəallarından biri, cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi, gözdən əlilliyi olan şəxs Ramin İbrahimov mənzillə təmin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzilin sənədlərini təqdim edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov vurğulayıb ki, Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycan idmanı kimi, Azərbaycan paralimpiya hərəkatı da daim inkişaf edərək böyük uğurlara nail olur:

“Xüsusilə bu il Tokioda (Yaponiya) keçirilən XVI Yay Paralimpiya Oyunlarında milli paralimpiya komandamız böyük qələbələrə, tarixi rekorda imza atdı, 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medala sahib oldu. Azərbaycan 163 ölkənin qatıldığı bu Oyunlarda qazanılan nəticələrə əsasən ilk onluqda qərarlaşdı”.

V.Behbudov gözdən əlilliyi olan şəxs Ramin İbrahimovun da paralimpiya nailiyyətlərinin, o cümlədən Tokioda tarixi uğurların qazanılmasına öz töhfəsini verdiyini bildirib. O, həmçinin gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini diqqətə çatdırıb. Bu kateqoriyadan olan vətəndaşların da dövlət tərəfindən mənzillə təmin edildiklərini bildirib.

Agentlik sədri mənzillə təmin edilən R.İbrahimovu bu münasibətlə təbrik edib, ona xoş arzularını çatdırıb.

R.İbrahimov göstərilən yüksək diqqət və qayğıya, bu gün isə yeni mənzillə təmin olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.