Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı - FOTO

19:40 30-10-2021 449

Naftalandakı xəstəxanaya gətirilən yaralılar arasında cəmi bir faiz ölüm olub. Ümumilikdə, ölkə üzrə isə yaralılar arasında cəmi 1,5-2 faiz ölüm halı qeydə alınıb. Bu, rekord göstəricidir.

“Minaya düşərək ayağının birini itirən, huşu özündə olmayan daha bir əsgərimizi əməliyyat edib çarpayıya uzatmışdıq. Bir ayağı amputasiya olunmuşdu. Ayılanda onunla həmsöhbət oldum, təsəlli verdim. Əlimdən tutub soruşdu ki, protezi nə vaxt taxacaqlar? Tələsməməyi məsləhət gördüm. Tələb etdi ki, taxtadan, dəmirdən bir şey bağlayaq ayağına. Səbəbini soruşdum, dedi ki, ayaq üstdə birtəhər dayanıb səngərdəki əsgər yoldaşlarımın yanına qayıtmaq istəyirəm”.

Ümummilli məsələ naminə səfərbərlik

Bu xatirəni “Kaspi” qəzetinə açıqlamasında Birinci Qarabağ savaşında tibb bölüyünün komandiri olmuş, Vətən Müharibəsində də həkim-cərrah kimi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş İmran Qurbanov danışıb. O, ehtiyatda olan tibb xidməti kapitanı, TƏBİB-in Qərb ərazi bölmələri üzrə iş şöbəsinin koordinatorudur. 44 günlük Vətən Müharibəsi başlayanda İ.Qurbanov məzuniyyətini yarımçıq saxlayaraq dərhal yaxınlıqdakı Naftalan Şəhər Xəstəxanasına yollanıb. Birinci Qarabağ savaşındakı təcrübəsindən çıxış edərək təşkilati məsələlərin həllinə çalışıb, TƏBİB-lə əlaqə yaradaraq xəstəxananı yaralıların qəbulu üçün hazırlayıb. Naftalandakı sanatoriyaların, qonşu rayonlardakı xəstəxanaların həkim-mütəxəssislərini, tibb bacılarını Naftalan Şəhər Xəstəxanasına cəlb edə bilib. Eyni zamanda şəxsi münasibəti olan, Azərbaycanın müxtəlif rayonlarında dövlət və özəl səhiyyə müəssisələrində çalışan həkim həmkarlarını kömək üçün Naftalana çağırıb. Hər bir həkim ümummilli məsələ naminə səfərbər olub. İ.Qurbanov sentyabrın 27-si səhər saat 10-dan sonra Naftalan Şəhər Xəstəxanasında ilk yaralını özü qəbul edib, 16 noyabrda sonuncu yaralını yola salıb xəstəxanadakı fəaliyyətini yekunlaşdırıb.

Riskli qərar qəbul etmək

Qarabağ qazisi, həkim İ.Qurbanovun Türkiyənin İstanbul Universitetində ali təhsilini davam etdirən oğlu Fərhad Qurbanov da 45 gün atası ilə birlikdə yaralı hərbçilərimizə yardım edib. Müharibə başlayanda Fərhad ilk təyyarə reysi ilə Vətənə qayıdıb. İ.Qurbanov həmkarları ilə birlikdə gördüyü işlərdən söhbət açıb: “Biz birinci xətt xəstəxanası idik. Yaralılara ilkin cərrahi yardım edib, şok əleyhinə tədbirlər görüb, ağrıkəsicilər vurub Bakıya təxliyə etməli idik. Lakin müharibənin intensivliyini, yaralıların çox olmasını, ikinci xətt xəstəxanalarına təxliyədə vaxtın itməsi kimi ehtimalları nəzərə alaraq, bütün cərrahi əməliyyatları Naftalandakı xəstəxanada etmək qərarına gəldik. Birinci Qarabağ müharibəsindəki təcrübədən çıxış edərək belə bir riskli qərar qəbul etmişdik. Həmkarlarımızla üzərimizə düşən nə varsa, artıqlaması ilə etdik. Döyüş meydanında yaralanarkən bədəninin hər hansı hissəsi üzülüb yerdə qalmayan, yəni bir dəridən asılı qalan, sümüyü dağılsa da ətrafı üstündə gələn bütün hərbçilərimizin damar siniri tikilməklə, əzaları bərpa olundu”.

Həyatla uyğun gəlməyən travma

Həmsöhbətimiz bildirib ki, 27 sentyabr – 16 noyabr 2020-ci il tarixində, ümumilikdə 1648 yüngül və ağır dərəcəli yaralı Naftalandakı xəstəxanaya daxil olub: “Onlardan yalnız bir nəfəri itirmişik. Oktyabrın 18-dən döyüş meydanı ilkin xətt xəstəxanasından çox uzaqlaşdı. Əvvəl 14 kilometr məsafədən xəstəxanaya çatdırılan yaralı, indi 35 kilometrdən gətirilirdi. Bu da yaralıların durumunu daha da ağırlaşdıra, hətta həyatları bahasına başa gələ bilərdi. Məhz buna görə də, təxliyə üçün tibb məntəqəsi qurulmalı idi. Burada yaralılara ilkin həkim yardımı göstərilməli, şok əleyhinə tədbirlər görülməli, qanaxma dayandırılmalı, ağrıkəsicilər vurulmalı, bundan sonra Naftalandakı xəstəxanaya çatdırılmalı idi. Belə bir tibb məntəqəsini hərbi həkimlərlə birlikdə Talış kəndində yaratdıq. Birinci Qarabağ müharibəsində məhdud imkanlar daxilində belə bir təşkilatçılıq hesabına yaralılar arasında cəmi 5-7 faiz ölüm olmuşdu”.

XXI əsrin tibb xidməti

İ.Qurbanov deyib ki, ikinci Qarabağ savaşında yaralılar arasında ölüm faizi çox aşağı olub: “Naftalandakı xəstəxanaya gətirilən yaralılar arasında cəmi bir faiz ölüm olub. Ümumilikdə ölkə üzrə isə yaralılar arasında cəmi 1,5-2 faiz ölüm halı qeydə alınıb. Bu, rekord göstəricidir. Ölüm faizinin aşağı olması tibb bacısından tutmuş həkim-mütəxəssislərimizə qədər hamının fədakarlığı hesabınadır. Vətən Müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin savaşını, səhiyyə işçilərimiz XXI əsrin tibb xidmətini nümayiş etdiriblər. TƏBİB-in rəhbərliyi altında Azərbaycanla yanaşı, xaricdə çalışan həkim soydaşlarımız bu işə səfərbər olmuşdular”.

Öz xalqımla qürur duyuram

İ.Qurbanov söyləyib ki, Vətən Müharibəsi müddətində yaralanan çavuş, gizir və zabitlərimiz tabeliyindəki əsgərlərini, əsgərlərimiz də komandanlığı və döyüş yoldaşlarını tək qoymamaq üçün təkrar cəbhəyə yollanmağa can atıb: “Yarasının yüngül və ağır olmasına baxmayaraq, hər bir hərbi qulluqçu təxliyə olunmağını, xəstəxanaya yerləşdirilməyini, döyüşlərdən kənar qalmağını həzm edə bilmirdi. Belə mərd, vətənpərvər, el-obasına bağlı oğul-qızlar yetişdirdiyinə görə öz xalqımla qürur duyuram. Birinci Qarabağ müharibəsində həm hərbi həkim kimi fəaliyyət göstərmiş, həm də döyüşçü kimi vuruşmuş şəxs olaraq torpaqlarımızın işğal altında qalması, onu nə zamansa azad edib-etməyəcəyimiz və sair suallar daim məni qayğılandırırdı. Vətən Müharibəsində müşahidə etdiklərim, xalqımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirməsi göstərdi ki, ötən 30 ilə yaxın vaxt ərzində bizlər sakit dayanmamışıq, daim bu gün üçün hazırlıq görüb, ona doğru inamla addımlamışıq”.