Ronaldu Sulşeri qovulmaqdan xilas edir - bir oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə etdi - VİDEO

23:00 30-10-2021 563

Futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted” səfərdə “Tottenhem”in qonağı olub.

Oyun “Qırmızı şeytanlar”ın üstünlüyü şəraitində keçib.

Matçda hesabı 39-cu dəqiqədə portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu açıb. 64-cü dəqiqədə Edinson Kavani K.Ronaldunun ötürməsindən sonra hesabı 2:0 edib.

Oyunda son nöqtəni isə 23 yaşlı Markus Reşford qoyub. İngiltərəli futbolçu qarşılaşmanın 86-cı dəqiqəsində fərqlənib.

Bu nəticədən sonra  Ole Qunar Sulşerin rəhbərlik etdiyi “Mançester Yunayted” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

“Tottenhem” - “Mançester Yunayted” - 0:3

Qollar: Kriştianu Ronaldu, 39, Edinson Kavani, 64, Markus Reşford, 86

Xatırladaq ki, “Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ole Qunar Sulşerə öz postunu qorumaq üçün üç oyunluq şans vermişdi.

Komanda qarşıdakı oyunlarda uğursuz çıxış edəcəyi halda baş məşqçi istefaya göndəriləcək.