Bakıda 68 yaşlı qadını avtomobil vurub: Ərazidə piyada keçidi niyə yoxdur? – VİDEO

00:00 03-11-2021 400

Bakıda yolu keçmək istəyən 68 yaşlı qadını avtomobil vurub.

Xezerxeber.az xəbər verir ki, piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi günorta saatlarında paytaxtın Xətai rayonu, 8  noyabr prospektində baş verib.

Ərazidə yaşayanların sözlərinə görə, 68 yaşlı Kimsəxanım Xatunbayeva piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu “Porşe”' markalı avtomobil vurub. Xəsarət alan qadın zərbənin təsirindən başqa bir minik avtomobilinin üzərinə düşüb. Qadın aldığı xəsarətdən elə hadisə yerindəcə ölüb.

Sürücü Balabəy Ağayev deyib ki, sürəti saatda maksimum 60 olardı. Hadisə yerinə dərhal yol patrul xidməti və rayon polis idarəsinin istintaq qrupu gələrək araşdırmalar aparıblar. Daha sonra qadının meyti məhkəmə tibbi ekspertiza və pataloji anatomya birliyinə aparılıb.

Ətrafda yaşayanlar iddia edirlər ki, yolun həmin hissəsində belə hadisələr tez-tez baş verir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agenliyinin mətbuat katibi Mais Ağayev “Xəzər Xəbər”ə bilidirdi ki,  “8 noyabr prospekti”də yol boyunca müəyyən olunmuş yerlərdə müxəli səviyyəli piyada keçidləri var. O qeyd etdi ki, hadisənin baş verdiyi ünvanla bağlı da təhlillər aparılacaq, əgər zərurət varsa, orada yaxın günlərdə piyada keçidi təşkil ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: