Azərbaycanlı qadın bir neçə nəfəri İstanbula aparıb, onları fahişəliyə cəlb edib – MƏHKƏMƏ İŞİ

17:20 03-11-2021 448

Azərbaycanda insan alveri ilə məşğul olan şəxsə hökm oxunub.

HerGun.Az məhkəmə istintaqına əsasən, cinayət işini təqdim edir.

Hər şey ondan başlayır ki, Günay (şərtidir) iş ardınca Türkiyəyə gedir, lakin onun burada bəxti gətirmir.

Günayın Türkiyə Respublikasında qalma müddəti bitdiyinə görə, o, Azərbaycana geri qayıdır.  

Bununla belə, Günay Türkiyədə qalmaq sevdasından əl çəkmir.

Günay əvvəlcədən tanış olduğu Kadir adlı şəxslə əlaqələrini yenidən qurur və onları müştərək ticari maraqlar birləşdirir.

Qadının bu məsələdə də əli gətirmir və Kadirdən ayrılır. Bundan sonra isə el dili ilə desək, pis yola düşür və pul müqabilində kişilərlə cinsi əlaqədə olur...

Günayın Türkiyədə Murad adlı şəxslə əlaqələri yaranır. Hələlik Muradın şəxsiyyəti istintaqla araşdırılır və o tapılmadığından istintaqa cəlb edilməyib.  

Günayla Muradın münasibətləri onları qeyri-qanuni ortaq maraqlarını təmin etmək üçün əlbir olmağa gətirib çıxarır.

Günay-Murad tandemi qabaqcadan əlbir olaraq Azərbaycandan olan qadınları işə düzəltmək adı altında İstanbula apararaq onları insan alverinin predmetinə çevirmək üçün planlar qurur.

Günay Azərbaycana gələrək burada bir neçə il öncə tanış olduğu qadınları İstanbula dəvət edərək onlara iş imkanları tapacağı vədini verir. Bu isə həmin qadınları sonradan hüquq dili ilə desək zərərçəkmiş, mənəvi prinsiplərlə yanaşsaq isə, qurban halına gətirir.

Qadınları gətirib İstanbula yerləşdirdikdən sonra o, Muradla plan üzrə hərəkət edir, onlar həmin şəxslərin pasportlarını götürürlər. Günay-Murad ikilisi həmin qadınları cinsi istismara məruz qoyurlar, onları fahişəliyə cəlb edərək cinsi əlaqə müqabilində pul qazanıb onlara gətirməsini tələb edirlər.

Günay-Murad ikilisi onlara hədə-qorxu gələrək intim videolarını qohumlarına göndərəcəkləri ilə hədələyirlər.

Bununla da onları İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim edirlər. Cinsi istismar həyata keçirməklə tamah niyyəti ilə bir neçə şəxs barəsində təkrarən insan alveri cinayətini törədirlər.

Onların qurbanları sırasında yetkinlik yaşına çatmamış qız da olub.

Məhkəmə Günayı Cinayət Məcəlləsinin 144-cü maddəsinin (İnsan alveri) bir neçə bəndi ilə təqsirli bilinərək onun barəsində hökm çıxarıb.  

Günay Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülüb.

Belə ki, onun azyaşlı övladının olması nəzərə alınıb. Günay barəsindəki hökm övladı 14 yaşa çatanadək təxirə salınıb.  

Aqşin Kərimov