Ölkədə 250 min hektardan çox ərazidə torpaq tədqiqatı işləri tamamlanıb - RƏSMİ

18:20 03-11-2021 427

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri davam etdirilir.

İqtisadiyyat Nazirliyindən HerGun.Az-a verilən məlumata əsasən, məqsəd torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsidir.

Bu ilin aprel ayından başlanan irimiqyaslı çöl torpaq tədqiqatı işləri bu günədək Neftçalada 30 376 hektar, Siyəzəndə 7 382 hektar, Şabranda 6 231 hektar, Xızıda 37 279 hektar, Qusarda 8 216 hektar, Qubada 36 108 hektar dövlət mülkiyyətində olan ərazilərdə aparılıb.

Şamaxının 30 514 hektar, Qobustanın 32 828 hektar, Sabirabadın 17 056 hektar, Salyanın 40 625 hektar və Zərdabın isə 10 060 hektar dövlət mülkiyyətində olan ərazilərində də irimiqyaslı çöl torpaq tədqiqatı işləri yekunlaşıb.

İlin sonunadək Zərdab və Hacıqabul rayonlarının dövlət mülkiyyətində olan torpaqlarında tədqiqat işləri başa çatdırılacaq. Ümumilikdə dövlət mülkiyyətində olan 256 675 hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri tamamlanıb.

Görülən işlər çərçivəsində dövlət mülkiyyətində olan torpaqlarda yaranmış mövcud vəziyyət, baş vermiş dəyişikliklər müəyyən edilir, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri öyrənilir.

Tədqiqat zamanı həmçinin aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.