ÜST eksperti revaksinasiyanın vaxtı ilə bağlı tövsiyələr verib

05:00 04-11-2021 439

Koronavirusa qarşı peyvənddən sonra immun müdafiə cəmi bir neçə ay davam edir, ona görə də insanlar mütləq üçüncü doza ilə revaksinasiyadan keçməlidirlər.

Bu tövsiyəni Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti və Beynəlxalq Tropik Təbabət Federasiyasının prezidenti professor Santyaqo Mas-Koma verib.

Ekspertin sözlərinə görə, ilk peyvənd edilənlər arasında yaşlı insanlar var, onların qazandıqları immunitetin müddəti daha qısa olduğu üçün onların təkrar peyvənd edilməsinə prioritet olaraq ehtiyac var.

“Ən yaxşı seçim “delta” variantı da daxil olmaqla yeni ştammlarla mübarizə üçün modifikasiya olunmuş preparatlarla revaksinasiyadır”, deyə bildirən Mas-Koma bu məqsəd üçün mRNT vaksinlərindən istifadəni tövsiyə edib.

Revaksinasiya vaxtının seçilməsinə gəlincə isə professor peyvəndin qripdə olduğu kimi hər il, yoxsa daha tez-tez - bir neçə aydan bir edilməli olduğunun hələ araşdırıldığını deyib.

“Bu, həm də yaş qruplarından asılı ola bilər: məsələn, gənclər üçün daha uzun, sağlamlıq problemləri və ya yaşı ilə əlaqədar daha zəif immun sistemi olan insanlar üçün daha qısa müddətli peyvənd intervalı gözlənilə bilər”, - deyə Mas-Koma bildirib.