Qlobal Bakı Forumu: “Yeni erada sülh, təhlükəsizlik və insan haqları”

19:00 04-11-2021 709

Noyabrın 4-də VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Yeni erada sülh, təhlükəsizlik və insan haqları” mövzusunda müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, Robert F.Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedinin moderatorluğu ilə keçən paneldə insan hüquqları, postkonflikt mərhələdə mülki şəxslərin problemlərinin həlli, onların hüquqlarının təmin edilməsindəki problemlər müzakirə ediləcək.

Panel iclasında UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis və BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos videomüraciəti təqdim olunacaq. Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, “Every Woman” (Bütün qadınlar) razılaşmasının qurucu direktoru Marina Pisklakova-Parker, Dünya Bankının keçmiş vitse-prezidenti Mats Karlson, İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi, Sülh dinlərinin həmsədri, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin şəxsi nümayəndəsi Məhəmməd Mahmud Əbdül Salam dünyadakı 70 milyon qaçqın və məcburi köçkünün problemləri, onların təhsil almasındakı maneələr və bunun həlli istiqamətində fikirlərini bölüşəcəklər.