Hindistandan ABŞ-a aromatik spreylərlə ölümcül infeksiya gətirilib

02:20 05-11-2021 380

ABŞ-da ekzotik melioidoz xəstəliyi ilə yoluxma nəticəsində bir neçə ölüm halı qeydə alınıb. Səbəb Hindistandan gələn aromatik spreylər olub.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) melioidozu yoluxdura bilən spreylərin davamlı istifadəsinə qarşı xəbərdarlıq edir.

Oktyabr ayında CDC Corciya ştatında ölümcül infeksiya hadisəsini araşdırdığını açıqlayıb. İnfeksiyanın yayılması məşhur “Walmart” mağazalar şəbəkəsindən ətirli sprey alınması ilə bağlı olub. Kanzas, Minnesota və Texasda daha üç hadisə qeydə alınıb. Kanzasda bir xəstə də həyatını itirib.

İnfeksiya əvvəlcə həkimləri çaşdırdı, çünki melioidoz tropik xəstəlikdir və adətən səyahətlə əlaqələndirilir, yoluxmuşların heç biri ABŞ-dan kənara səyahət etməyib. Araşdırma zamanı məlum olub ki, “Better Homes” şirkətinin Hindistan istehsalı olan lavanda və çobanyastığı efir yağı ilə “qiymətli daşlarla aşılanmış” aroma spreyi infeksiyaya səbəb olub.

Diaqnoz qoyulması çətin olan bu yoluxucu xəstəliyin əlamətləri qızdırma, baş ağrıları və qaraciyərdə, ağciyərlərdə, dalaqda və prostatda irinli şişkinlikdir.

İnsanlara bu markalı spreylərdən istifadəni dayandırmaq tövsiyə olunub.

Mənbə: CNN