ABŞ-ın silahları güclüdür, yoxsa Rusiyanın? - ARAŞDIRMA

13:18 22-08-2019 877

ABŞ və Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxması hərbi-siyasi, analitik çevrələrin əsas müzakirə mövzularından birinə çevrilib.

HerGun.Az-ın məlumatına görə, mütəxəssislər hesab edirlər ki, hər iki dövlətin müqavilədən çıxması ilə ölkələr arasında nüvə yarışının yeni mərhələsi başlanacaq.

Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ Prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanıb.

Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan ballistik raketləri məhv etməsini şərtləndirirdi.

Birləşmiş Ştatların mövqeyinə görə, Rusiya müqavilənin şərtlərinə riayət etmirdi. Ağ Ev müqavilədən çıxdıqdan sonra yerüstü qanadlı və ballistik raket sistemlərinin inkişafına daha çox diqqət yetirir.

Statistika göstərir ki, soyuq müharibədən bəri nüvə silahlarının sayı əhəmiyyətli dərəcədə azalıb. 1986-cı ildə ümumilikdə 70 300 ədəd nüvə silahı var idisə, hazırda bu rəqəm 13 890-dır.

Rusiya dünyada ən çox nüvə başlığı olan dövlətdir. Amerika Alimlər Federasiyasının məlumatına görə, hazırda Rusiyanın nüvə potensialı 6500, ABŞ-ın isə 6185 olaraq dəyərləndirilir.

Nüvə sıralamasında üçüncü yerdə Fransa dayanır ki, onun 300 nüvə başlığına malik olduğu bildirilir. Bu göstərici Çində 290, Böyük Britaniya 215, Pakistan 150, Hindistan 140, İsrail 80, Şimali Koreyada isə 25-dir.

Nüvə silahlarına təkcə nüvə başlığına malik qitələrarası ballistik raketlər deyil, qırıcı təyyarələrdən atılan bəzi aviasiya bombaları da daxildir.

Nüvə silahlanmasında favoritlər olan ABŞ və Rusiyanın nüvə imkanlarını konkret silahlardan nümunə gətirərək müqayisəsini təqdim edirik:

ABŞ-ın "LGM-30G Minuteman-3" qitələrarası ballistik raketinin çəkisi 36 tondur. Maksimum uçuş məsafəsi 13 min kilometr, maksimal uçuş hündürlüyü isə 1100 kilometrdir.

"UGM-133A Trident-2" nüvə başlığı daşımaq qabiliyyətinə malik ballistik raketdir. Bu, sualtı gəmilərdən buraxılmaq üçün nəzərdə tutulub. Raketin qiyməti 30 milyon dollardır. Uzunluğu 13 metr, çəkisi 59 tondur. Bu silah ABŞ arsenalındakkı ən güclü raket hesab olunur.

"AGM-86B" nüvə başlığı daşıya bilən qanadlı raketdir. Qiyməti bir milyon dollardır. Strateji bombardmançı təyyarələrdən atıla bilər.

"B61 nüvə bombası" da ABŞ-ın strateji nüvə qüvvələrinin əsas silahıdır.

Rusiyaya gəlincə, "Topol-M" raketinin maksimal uçuş məsafəsi 11 min kilometrdir. Uzunluğu 22 metr, çəkisi isə 47 tondur.

"Topol-M" nüvə başlığı ilə təchiz edilə bilər.

"R-36" ballistik raketi də nüvə başlığı daşımaq gücünə malikdir.

"9K720 İskəndər" raketləri Rusiyanın nüvə başlığı daşıya bilən orta mənzilli raket sistemlərinə daxildir.

"Çar bombası"nın ağırlığı 27 ton, uzunluğu isə səkkiz metrdir. Ümumilikdə iki “Çar bombası” yaradılıb, onlardan biri sınaqlar zamanı partladılıb, digəri isə hələ də Rusiya ordusunun arsenalındadır.

ABŞ və Rusiyanın silahlarının hansının güclü olmasına gəlincə, bu, ekspertlər arasında fikir ayrılığına səbəb olur.

Nüvə silahları üzrə ekspert Cefri Luisin fikrincə, nüvə silahlarının sayı əsas meyar deyil. Onun sözlərinə görə, Rusiyanın güclü nüvə potensialının mövcudluğu ilə bağlı verdiyi açıqlamalar, demək olar, həqiqətə uyğun deyil.

Mütəxəssis "Business Insider"ə müsahibəsində deyib ki, ABŞ-ın arsenalındakı nüvə silahları bütün qitələri məhv edə bilməz, amma Birləşmiş Ştatların strateji vəzifələrini yerinə yetirmək üçün daha yaxşıdır.

"ABŞ raketləri daha çox "Ferrari" avtomobillərinə bənzəyir. Onlar problemləri mükəmməl şəkildə həll etmək üçün hazırlanıb".

Ekspertin qənaətinə görə, Rusiya silahları daha çox təsiredici gücə malik olsalar da, onlar hər 10 ildən bir təkmilləşdirilməlidir.

ABŞ-ın nüvə silahlarını işə salması üçün əsas platforma sualtı qayıqlar, quru minaları və bombardmançılardır.

"Biz dəqiqliyi sevirik. ABŞ üçün ideal nüvə silahı pəncərədən dərhal uçan və binanı uçuran bir nüvə yüküdür. Ruslar isə 10 döyüş başlığını təkcə binaya deyil, bütün şəhərə atmağa üstünlük verirlər. Bunun bariz nümunəsi Rusiyanın Suriyadakı hava hücumlarıdır", - deyə C.Luis əlavə edib.

Aqşin Kərimov