Nəşi iki aydan sonra tapılan cüdoçu şəhid Pərvin Məmmədovun anım günüdür - FOTO

12:00 28-11-2021 799

Bu gün Vətən müharibəsi şəhidi Məmmədov Pərvin Natiq oğlunun anım günüdür.

HerGun.Az-ın xəbərinə görə, 4 oktyabr 2002-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində doğulmuş Pərvin hərbi xidmətdən əvvəl idmanın cüdo növü ilə məşğul olub, rayondaxili yarışlarda mükafatlar əldə edib.

Goranboy rayonundakı N saylı hərbi hissənin əsgəri olan Pərvin müharibənin ilk günlərindən ön cəbhəyə qoşulub. O, keçmiş Ağdərə rayonunun (indiki Tərtər) Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Əsgər yoldaşlarının danışdığına əsasən, ayağından güllə yarası alıb, daha sonra mühasirəyə düşüb.

O, oktyabrın 2-də şəhid olub. Neytral ərazidə qalan nəşi isə noyabrın 22-də tapılaraq ailəsinə təhvil verilib. 28 noyabrda isə dəfn olunub.

Pərvin Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Qeyd edək ki, evin tək oğlu olan Pərvinin atası Natiq Məmmədov da I Qarabağ Müharibəsinin iştirakçısı olub.

Səbuhi Musayev