Şuşa şəhərində icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir

20:34 14-04-2022 448

   

     Azərbaycanın bir dövlət kimi gələcək hədəflərə nail olmaq yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi müstəsna əhəmiyyətə malikdir. Dövlət Başçımızın bununla bağlı imzaladığı Sərəncamda qeyd edildiyi kimi: “Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır”.          

   Şuşa təkcə Azərbaycanın deyil, mədəniyyətimizin beşiyi, Qafqazın incisi, müasir sivilizasiyanın - bəşəriyyətin mədəniyyət xəzinələrindən, mənəviyyat nümunələrindəndir. Bu tarixi Azərbaycan şəhərinin XX əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.

    Bildiyimiz kimi, işğal edilmiş  torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. 

   Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir və bu möhtəşəm Qələbə nəticəsində işğal edilmiş tarixi torpaqlarımız işğalçılardan azad edildi. Növbəti mərhələlərdə isə, düşmən tərəfindən vurulmuş ziyan dəqiq hesablanacaq və zərər çəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq. İlk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması və bərpa-yenidənqurma işləri ardıcıl şəkildə öz həllini tapacaqdır.

   Bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli, Cəbrayıl şəhərlərində, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırmaqla yanaşı, bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan Füzuli-Şuşa avtomobil yolunun və ya “Zəfər” yolunun da təməlini qoydu. Bu layihə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən birinci layihə olduğu üçün onun icrasının xüsusi tarixi əhəmiyyəti var. Təxminən bir il ərzində reallaşan bu layihənin digər üstünlüyü Şuşaya getmək imkanlarının asanlaşdırılması oldu. Həmin yol çəkilənədək Şuşaya yalnız Ağdamdan getmək mümkün idi. İndi isə Şuşaya birbaşa Füzulidən də getmək olur. Azərbaycan Prezidentinin istənilən səfəri, ilk növbədə, ölkə və həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Prezident bu səfəri zamanı Ermənistanın işğalçılıq siyasətinin, vandalizminin izlərini bütün dünyaya nümayiş etdirdi. Bu, beynəlxalq informasiya müstəvisində ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə xidmət etdi. Bununla yanaşı, Prezident işğal altında olmuş ərazilərimizin yenidən qurulması ilə bağlı strategiyasını səsləndirmiş oldu.

   Vətən Müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir. Şuşada reallaşdırılan infrastruktur layihələri və tədbirlər sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir. Artıq Şuşada elektrik enerjisinin verilişi tam təmin edilib. Bu məqsədlə “Şuşa” yarımstansiyasının, eyni zamanda, Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından 75 kilometrlik məsafədə 110 kilovoltluq “Şuşa-Şükürbəyli” elektrik xəttinin tikintisinə başlanılıb. “Xarıbülbül” oteli də qısa müddətdə yenidən quruldu. Məlum olduğu kimi, Gələn ay Şuşada “Xarıbülbül” festivalının keçirilməsi də nəzərdə tutulmuşdur. Heç şübhəsiz, yaxın gələcəkdə Şuşa həm də turizmin əsas mərkəzlərindən birinə çevriləcək. Şuşada yeni məscidin təməlinin qoyulması və Gövhərağa məscidinin bərpası Azərbaycanın daim sadiq qaldığı İslam irsinin təbliği kontekstində çox mühüm hadisədir. İyirmi doqquz ildən sonra ilk dəfə Şuşada bayram namazı qılındı, azan səsi eşidildi. Yəni, artıq insanlarımız və musiqimizlə bərabər, müqəddəs dinimiz də doğma və əzəli məkanına qayıdıb. Bu da son dərəcə qürurverici məqamdır. Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizim tariximizdir, mədəni irsimizdir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də rəmz kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Müzəffər Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisədir. 

   Bu gün Qarabağın dirçəlməsi və Böyük Qayıdış istiqamətində mühüm layihələr həyata keçirilir. Bunun üçün işğaldan azad olunan torpaqlarımızda yeni inkişaf modeli qurulub. Bu model beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını özündə əks etdirir.  Azərbaycan artıq yeni bir perspektivə köklənib. Dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışımızı həyata keçirə biləcəyik. Həmin gün isə uzaqda deyil. İndi Böyük Qayıdışın nə zaman reallaşacağı ən çox səslənən suallardan biridir. Növbəti  illər ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və hər kəsin səbrsizliklə gözlədiyi Böyük Qayıdış baş verəcək. Böyük Qayıdış üçün qısa müddət ərzində mümkün addımlar atılıb və bütün imkanlar səfərbər olunub.

 

                                                                                                                                                                                                                                           Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası

 Beyləqan rayon təşkilatının sədri