Seyid Malik-Şeirlər

21:09 18-06-2022 331

  Seyid  Malik (İbrahimov Malik İsmayıl oğlu)  07 iyul 1987-ci il tarixdə  Laçın rayonunun  Oğuldərə kəndində anadan olub. “Qarabağın qara günü” və “Sevə bilsəm ayrılığı” adlı iki şeirlər kitabının  müəllifidir.1992-ci ildən Biləsuvar  rayonunda məskunlaşıb. Hazırda Biləsuvar rayon F.Sadıqov adına  ümumi orta məktəbində müəllim işləyir.Azərbaycan Milli Mətbuatın 136, “Məhsul” qəzetinin 80  illik  yubileyi müünasibətilə Biləsuvar RİH-i tərəfindən fəxri fərman və diploma layiq görülüb.

 

ŞƏHİDLƏRİMIZİN ƏZİZ XATİRƏSİNƏ

Susama dərdə, dərd canı

alır , ay atam balası!

Olmaz dediyin nəsnələr

olur, ay atam balası!

 

Kim çəkir öz köçünü,

Kimi yeyir öz içini.

Kimisi əlçim saçını,

yolur,  ay atam balası!

 

Hələ göyərməmiş tağı,

Qan sulayır solu-sağı.

Ömür qərənfil yarpağı,

solur, ay atam balası!

 

Əcəl anmır barlı, barsız,

Kimi yarım, kimi yarsız.

Gözün səndən ixtiyarsız

dolur, ay atam balası!

 

Kiminin nəğmə dilində,

Kiminin şana telində.

Adam dərdinin əlində,

qalır, ay atam balası!

 

+++

QAYIDIŞ ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN

İlk həsrətim, son istəyim, ay Laçın,

Ayaqyalın dağ aşmağa gəlirəm.

Ürəyimdə yuvalanıb gileylər,

Bircə-bircə danışmağa gəlirəm.

 

Neçə ildi mələr mənəm, mələr sən,

Nə çəkmişəm, necə deyim biləsən.

Bizdən sonra nələr gördün, nələr sən?

Necə dözdün, soruşmağa gəlirəm.

 

Şükür, açdı şanlı ordum yolunu,

Üz bozardıb tökmə qara dolunu.

Ağrın alım, qolunu aç, qolunu,

Qol boyunda sarışmağa  gəlirəm.

 

Az gəzmədim ayaz vuran çölləri,

İlıq olmur qəribliyin yelləri.

Arda qoyub qaçqın, köçkün illəri,

Xoş gününlə yarışmağa gəlirəm.

 

O uşağam, sən yadına sal məni,

Aldı getdi bir yumrulmuş yol məni.

Ana yurdum ağuşuna al məni,

Torpağına qarışmağa gəlirəm.

 

+++

 

“ƏKSİ ÇAYA DÜŞƏN AY”

Əksi çaya düşən ay,

Sevgilimə bənzədin.

Nisgilliyəm bu axşam,

Nisgilimi bəzədin.

 

Bir quşam qanadım yox,

Yar dilində adım yox.

Mənim bir muradım yox,

Dərdimi təzəldin.

 

Arzusu, diləyi min,

Ağrısı, göynəyi min.

Üşüyən ürəyimin,

Çuxasını gözədin.

 

Daha qalmayıb dözüm,

Birdi gecəm, gündüzüm.

Heç demədim gül üzüm,

Niyə belə elədin?

 

Vermə qəti toxtaqlıq,

Məhv olmuşa nə qılıq?

Suyum soğulub artıq,

Dənimi də ələdin.

 

 

+++

 

Həyat özü boyda qəm dənizidi,

Kim bilir bu ahdan aha nələr var?

Yalan adasıdı, ilğım düzüdü,

Eh nələr görmüşük, daha nələr var?

 

Səhər də elə bil duru axşamdı,

(Ulu göylərində nəm gözü damdı.)

Umud son nəfəsin verən bir şamdı,

Başına dolanan pərvanələr var.

 

Ürək bir  yarpaqdı, o da bir para,

Sağalmaz bir ömür aldığı yara.

Çırağı yanmayan könüllər sıra,

Ocağı qaralan nə xanələr var.

 

Gerçək yalandırsa, nağıl neyləsin?

Qəhər acıdırsa, noğul neyləsin?

Dəli yığnağına ağıl neyləsin?

Neyləsin mənim tək divanələr var.

 

Sarılmışıq  bir  gümana həpimiz,

Kim ovudar, ovutmasaq bizi biz?

Şükür,üzülməyib tamam  ipimiz,

Hələ sevinməyə bəhanələr var.

 

,