Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

09:22 27-09-2022 510

    Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da, “Naxçıvanski” adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilmişdi.

   1991-1993-cü illərdə ölkədə baş verən daxili qarşıdurmalar, hakimiyyət naminə əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması o vaxtkı hakimiyyətin səriştəsizliyinin və xəyanətkarlığının nəticəsi idi. Məhz, Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Xüsusən də, ordu quruculuğu Ümümmilli lider üçün xüsusi əhəmiyyət kəsb edirdi. O, dəfələrlə hərbi hissələrə səfər edir, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış olur, əsgər və zabitlərin qayğıları ilə maraqlanırdı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı. 

  Məlum olduğu kimi, hələ müstəqillliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr də bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünü yetərincə qoruya bilməmişlər. Ona görə də Ulu Öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar əsasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz, buna görə o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmış, xarici sərmayənin cəlb edilməsi təmin edilmiş, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Zamanla, ölkədə aparılan siyasi və iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi. Azərbaycan 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir və bu siyasət bu gün də davam etdirilir. Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də, miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və 44 günlük Vətən müharibəsində bunu bir daha bütün dünyaya sübut etdi. Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi. 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, ancaq düşmən ordusu geri getməyə məcbur oldu. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır, ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Azərbaycanda Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırılmayıb, əksinə, postmüharibə dövründə də ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilir. Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan ordusunun qüdrəti ilə haqq-ədalət öz yerini tapdı. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin, müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Dövlətimiz bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. Döyüş meydanında yeni tarix yazan bizə şanlı Qələbəni yaşadan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.

   Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini - qarşılıqlı inamı nümayiş etdirdi.

                                                                                                                                                         

         Müşfiq Səfərov,

       Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.