“Ağıllı kənd” layihəsi

21:18 24-12-2022 434

    Heç şübhəsiz ki, Böyük Qayıdışın  başlanğıcı ölkə Prezidenti, cənab İlham Əliyevin praqmatik siyasəti və illərlə üzərində işlədiyi, ən incə detalına qədər düşünüb, mükəmməl bir layihəyə söykənir. Bu bütün dünysanın həsəd apardığı İlham Əliyev zəkasının məhsuludur. Yollar, infrastruktur, sənaye, kənd təsərrüfatı – bütün bunlar qədim tarixi olan Qarabağı bu dəfə tarixə, məhz cənab İlham Əliyevin zəkasının məhsulu kimi köhnə regionun yeni tarixinin,   yeni reallığı kimi özünəməxsus gözəllik və özəlliklə yazacaq. Bir sözlə,  cənab Prezidentin   uzaqgörən siyasəti ilə illər öncə təməlini atdığı Böyük Qayıdış  hərəkətdə, fəaliyyətdə, prosesdədir. 

    Belə möhtəşəm layihələrdən biri də, “Ağıllı kənd” layihəsidir. Məlumat üçün bildirim ki, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə bağlı ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən 19 aprel 2021-ci il tarixində müvafiq Sərəncam imzalanıb. “Ağıllı kənd” və “Ağıllı şəhər” elə bir ərazidir ki, orada məlumat toplamaq üçün müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Toplanılmış məlumatlardan əldə edilən anlayışlar aktivlərin və resursların səmərəli istifadəsinə yönəldilir. Bu konsepsiyada Əşyaların interneti, Süni intellekt, Blokçeyn və s. texnologiyalar tətbiq olunur. Bu texnologiyalar əsasında müəyyən komponentlər formalaşdırılır. Nümunə olaraq, elektrik enerjisi və su sərfiyyatının elektronlaşdırılması, müəyyən edilmiş yerlərdə toplanmasını göstərmək olar. Nəticədə əhali müəyyən proqram təminatından istifadə edərək həm öz kommunal tarixçəsini görür, həm də, ödənişlərini edə bilir. Bundan əlavə, aidiyyati dövlət qurumları bütün məlumat bazasında yığılan informasiya əsasında optimallaşdırma işləri aparmaq imkanı qazanır. Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün də keçərlidir. O cümlədən, ətraf mühitin qorunmasında havanın yoxlanılması üçün naqilsiz sensor şəbəkələri vasitəsilə şəhər ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə mümkündür. “Ağıllı şəhər”in digər şəhərlərdən fərqi bütün infrastrukturun elektronlaşdırılması və böyük məlumat bazasının yaradılmasıdır. Bu məlumat toplusu əsasında bütün şəhər üzrə xərclərin və əhalinin yaşayış keyfiyyəti üzrə səmərəlilik artırılır. Müasir dünyada ağıllı şəhərlərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Həmçinin, şəhərlərin daha davamlı, əhatəli və təhlükəsiz hala gətirmək Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərindən biri olaraq müəyyənləşib. “Ağıllı şəhər” və "Ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər, iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirə və həmin regionu texnoinvestorlar üçün maraqlı edir. “Ağıllı kənd” platformasında texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsini müşahidə etmək mümkündür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini, təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir. Qeyd etdiyim kimi, “Ağıllı kənd” layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır. Bu layihənin tətbiqində əsas məqsədlərindən biri də, insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. “Ağıllı kənd” layihəsinin ikinci məqsədi, insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Üçüncü məqsəd isə, ondan ibarətdir ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihəsi Azərbaycanın şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi, idarə olunmasının təmin edilməsində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. İşğaldan azad olunmuş şəhər və kəndlərdə bu layihənin tətbiqi ilə orada göstəriləcək xidmətlərin növbəti inkişaf mərhələsinə keçidinə zəmin yaradılır…

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.