“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları

20:39 17-01-2023 300

   Son dövrlərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

   Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri olduğu üçün Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.

   Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin təcrübəsi öyrənilmiş və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır. Yeni qanun layihəsi hazırlanarkən 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır. “Siyasi partiyalar haqqında” yeni  qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. İctimai dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir.

     Qəbul edilmiş  yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır. Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

 

     Yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.

     Yeni qanunun tələbi ilə siyasi partiya üzvlərinin reyestrini aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək.

     Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.

     Yeniliklərdən biri də siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur.

    Göründüyü kimi, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.