Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

21:56 16-03-2023 291

    Bildiyimiz kimi, Azərbaycanın Avropada ən etibarlı, vacib siyasi-iqtisadi tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də, Almaniyadır. Rəsmi Bakı Avroatlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan-Almaniya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan-Almaniya siyasi əlaqələri yüksək səviyyədədir. Ölkə Prezidenti, cənab İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 11 işgüzar səfəri olub. Səfərlərin hər biri münasibətlərdə yeni səhifənin açılması deməkdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, qarşılıqlı səfərlər, eyni zamanda, bu səfərlər zamanı münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza olan sənədlərin imzalanması əməkdaşlığın genişləndirilməsinə öz töhfələrini verir.  Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. 

   Bu gün, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə, Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Diplomatik münasibətlərimizin qurulmasından sonrakı onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur. Hazırda, qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də, Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da, xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir. Apardığımız uğurlu siyasət nəticəsində  Azərbaycan dünyanın bütün  güc mərkəzləri ilə  çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili  işinə qarışmamaq prinsipləri əsasında  qurulur. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu əminlik də göstərir ki,   bundan sonra da,  bu istiqamətdə  ardıcıl  siyasət aparacağıq.  Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə  Azərbaycanın strateji  tərəfdaşlığı haqqında sənədin mövcudluğu onu göstərir ki,  Azərbaycan Avropa üçün strateji əhəmiyyət  daşıyan ölkədir…

 

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.