Biz, artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik

15:22 18-03-2023 290

    Tarixi faktlardan məlumdur ki, bəşəriyyətin ən qədim bayramlarından biri olan Novruzun ən azı 18 əsrlik tarixi var, lakin bəzi mənbələrdə eramızdan əvvəl Novruzun izləri görünür. Novruzun necə yarandığı ilə bağlı müxtəlif mədəniyyətlərdə fərqli inanclar mövcuddur. Novruz qeyd etmələri Orta Asiyadan Balkanlara qədər uzanan bir coğrafiyanı əhatə edir. Novruz bayramını qeyd edən tarixi sivilizasiyalara farslar, zərdüştilər və bəhailər kimi müxtəlif mədəniyyətlər daxildir. Bu sivilizasiyalar Novruzu müqəddəs qəbul edib, bayram kimi qeyd edirlər. Müasir dünyada Novruz Orta Asiya və Yaxın Şərqin hüdudlarından kənarda daha geniş ərazilərə yayılıb. Novruzun qeyd olunduğu mədəniyyətlər arasında Əfqanıstan, Albaniya, Azərbaycan, Bosniya-Hersoqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Kosovo, Makedoniya, Özbəkistan, Suriya, Tacikistan, Türkiyə və Türkmənistan kimi ölkələr var.

      Xalqımızın tarixində, adət-ənənəsində “Novruz” bayramının özünəməxsus yeri və rolu vardır. Azərbaycan xalqı əsrlər boyu Novruz bayramlarında zəngin adət-ənənə və dəyərlərini yaşadıb. Minilliklərdən keçib gələn bu qədim bu el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, ölkəmizin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edib, unikal mədəniyyət hadisəsi olaraq günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu bayram iş günü hesab edilmir. Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir. Novruz bayramı nəinki Azərbaycanda, hətta Türkiyədə və Orta Asiyada yerləşən türk dövlətlərində də qeyd edilir.

Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı işlər mədəniyyət siyasətində dövlətimizin milli dəyərlərinin qorunmasına prioritet hesab etməsini təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi, mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisədir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixində martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Hətta, 2019-cu ildə Novruz bayramının UNESCO-nun Qeyri-maddi, mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə UNESCO-nun Baş gərargahında təntənəli tədbir keçirilmişdir. Azərbaycan mədəniyyətinin mühüm hadisəsi olan bu bayramın YUNESKO-nun mədəni irsi elan olunmasının arxasında gərgin əmək və uzaqgörən siyasət dayanır.

   Ümummilli Lider Heydər Əliyev deyirdi: - “Gün o gün olacaq ki, “Novruz” bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

 İndi, Azərbaycan xalqı ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz, artıq həmin ərazilərdə “Novruz” bayramını qeyd edirik. Qələbədən sonrakı ilk “Novruz” bayramını Şuşada Cıdır düzündə qeyd edən dövlətimizin başçısı demişdir: “Bilirəm, hər birimiz, xüsusilə, keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda “Novruz” bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam, xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və “Novruz” bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik... Bu gün, “Novruz” bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: - “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!.. Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan “Novruz" bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm...”

   Məhz, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra “Novruz” sevinci yaşanır, bayram tonqalları qalanır. Bu illər ərzində hər “Novruz” bayramında Azərbaycan xalqının böyük arzusu, diləyi işğal altında olan torpaqlarımızın əsarətdən azad edilməsi idi. Şükürlər olsun ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Möhtəşəm Zəfərimizdən sonra, “Novruz” bayramı ölkəmizdə xüsusi təntənə və böyük ruh yüksəkliyi qeyd olunur. İşğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları yandırılır. Ulu Öndərin vəsiyyətini, Azərbaycan xalqının arzularını ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev reallaşdırdı və tarixi ənənələrimizə uyğun olaraq özündə etibarlı, qarşılıqlı hörmət münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət formalaşdırılmasına nail oldu…

   Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.