“Jara”dan əvvəl məşhurlar dəniz qırağına yığışdı - FOTO

10:27 23-06-2019 837

Səbirsizliklə gözlənilən, haqqında çox danışılan, Azərbaycanın və Rusiyanın ulduzlarının iştirakı ilə ərsəyə gələn yayın əsas hadisəsi – nüfuzlu “Jara-2019” beynəlxalq musiqi festivalının ilk dəfə keçirilən “Pre-Party”si baş tutub.

HerGun.Az xəbər verir ki, möhtəşəm gecə Rusiyanın tanınmış və sevilən aparıcısı Yuliya Baranovskayaya həvalə olunub.

Musiqi dolu gecədə Xalq artistləri Emin Ağalarov, Aygün Kazımova, Brilliant Dadaşova, müğənnillər Dilarə Kazımova, Nigar Camal, Aysel Məmmədova, Səmra Rəhimli, Çingiz Mustafayev, İrina Nelson, Sayqo, Lyusya Çebotina, “Mband” və “Serebro” qrupları ifaları ilə izləyicilərə unudulmaz dəqiqələr yaşadıblar. Məşhurlar ifalarında yer alan, bir-birindən sevilən hit mahnılarını səsləndirib, gecə ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüblər. Onlar yüksək səviyyədə təşkil olunan festivalda iştirakdan məmnunluq duyduqlarını dilə gətiriblər.

“Hər il Moskvada rusiyalı ulduzların və media nümayəndələrinin iştirakı ilə “Jara” festivalının “Pre-Party”si keçirilir. “Jara”ya marağı artırmaq üçün bu dəfə bu tədbiri Bakıda keçirmək qərarına gəldik”, - deyə gecənin əsas təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib.

E.Ağalarov “Jara-2019” ilə bağlı bir sıra sürprizlərdən də danışıb:

“Jara” bu il daha da “isti” olacaq. Festivalda dünyanın bir çox ölkələrindən gələn, çox sayda məşhur ulduzların çıxışı olacaq. Mən bu il “Jara”da iki yeni duetimi təqdim edəcəyəm. Duet ortaqlarım isə Aleksey Çumakov və Rita Dakotadır. Ümid edirəm ki, bu duetləri “Jara” başlamazdan öncə lentə alacağıq”. Bundan əlavə, tamaşaçılar festivalda rusiyalı ifaçıların azərbaycanlı həmkarları ilə birgə duetlərinin də şahidi olacaqlar. Amma bunun üçün azərbaycanlı məşhurlarla razılığa gəlib, Rusiyanın Birinci kanalı ilə müzakirə aparmaq lazımdır.

Qeyd edək ki, “Jara-2019” festivalı 25-28 iyul tarixlərində “Sea Breeze” turizm kompleksində keçiriləcək. Festivalın açılış günündə - 25 iyulda Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış edəcək, iyulun 26-da isə “İvanuşki International”, Viktoriya Dayneko, “Fabrika” , “Qorod 312” qruplarının iştirakı ilə “Lube” qrupunun 30 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. Həmçinin Filipp Kirkorov, Alyona Apina, Nataşa Korolyova, Mitya Fomin, “Rotten Scammers”, “Na-na” qrupları və digər sənətçilərin çıxışı olacaq.

İyulun 27-də məşhurların iştirakı ilə Rusiya səhnəsinin pop ulduzları Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçiriləcək. Festivalın bağlanış günü, yəni iyulun 28-də Cah Kalib, Leşa Svik, Tim Belorusski və “Black Star” leybolu altında çalışan sənətçilər repertuarlarında yer alan hitləri təqdim edəcəklər. Əsrarəngiz və möhtəşəm festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrin populyar pop ulduzları çıxış edəcəklər. “Jara” layihəsinin təşkilatçıları Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının Əməkdar artisti Qriqori Leps, “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Rəşad Əliyev