Hər bir insan üçün Vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir

21:19 11-05-2023 262

    Məlumdur ki, azərbaycançılıq ideologiyası hər şeydən əvvəl, ilk növbədə, özünü dərk etmək ilə xarakterizə olunma anlamına gəlir. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də, milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir.

   Heç şübhəsiz ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ, respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də, qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər, məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı. Ümummilli Lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi: - “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.

    Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar, 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir. “Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Belə ki, bu terminin işlədilməsi əsasən Sovetlər birliyindən sonra rast gəlinsə də sözügedən ideologiyasının müstəqillik illərində daha öncə ölkədə yaşayan müxtəlif xalqların, millətlərin fərqli mədəniyyətləri və adət-ənənələrini qoruyub saxlayaraq xalqların mədəni müxtəlifliyini həm müdafiə, həmçinin, birgə inkişaf etdirmək dövlətin inkişafı istiqamətində atılmış bir addım kimi böyük rol oynamışdı. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı eləcə də, dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi və bu kimi bir çox misalları gətirmək olar. Həmin dövrdə Azərbaycanda ən qabaqcıl texnologiyanın istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Ulu Öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını, azərbaycançılıq ideologiyasını illər ötdükdən sonra, artıq Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvəllərinə təsadüf etsə də qürurla qeyd edə bilərik ki, istər sovet dövründə, istərsə də, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Təkcə təhsil sahəsində aparılmış dövlət siyasətinə diqqət yetirsək görərik ki, 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bunun nəticəsi kimi, ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil almışdır. Tarixi faktları araşdırarkən bəlli olur ki, əvvəlki illərdən fərqli olaraq qeyd etdiyimiz dövrdə xarici universitetlərdə təhsil alan tələbələrin milli tərkibi 97.7% azərbaycanlılardan ibarət olmuşdur. Müqayisə üçün qeyd edilməlidir ki, əvvəlki illərdə respublikadan kənarda təhsil almağa göndərilənlər arasında etnik azərbaycanlıların payı cəmi 40 faizə çatırdı. Vaxtında atılmış addımlar sonralar olkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan vermişdir. Sovet dövründə ilk dəfə olaraq ölkənin və xalqın mənafeyini qarşıya məqsəd qoyaraq bütün addımların, məhz Azərbaycanın gələcək inkişafına yönəldilmiş siyasətə start verilmişdir. Belə ki, bu dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də, tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi-mədəni həyatında uğurlu layihələr icra olunaraq Azərbaycanda yeni həyat və inkişaf başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət, təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən-ilə yeni yaşayış massivləri, qəsəbə və kəndləri salınmış, məktəblər, uşaq bağçaları, universitetlər açılmışdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınmışdı. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları, xüsusən, müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik, separatçılıq mühitində dövlətçiliyi düzgün inkişaf etdirməkdən ibarət idi. 1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Ölkənin düşdüyü belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və Onu ölkəyə rəhbərlik etməyə dəvət etdi. Ötən illər ərzində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması, ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq, 2020-ci ildə, 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın Qələbə çalmasına yol açdı. Biz, bundan sonra da, azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini eləcə də, azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

      Müasir dövrdə azərbaycançılıq ideologiyası dövlət ideologiyası olaraq öz təsir dairəsini genişləndirməklə ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaradır. Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən ölkə Prezidenti, cənab İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən müddətdə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən ölkə başçısı müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Bəli, bu gün azərbaycançılıq konsepsiyası cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Ölkə Prezidenti, cənab İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: - “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün, bu məsələyə çox böyük diqqət göstərilir, qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”...

  Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.