Şadlıq sarayının qarşısından "VAZ" qaçıran yaşlı kişi saxlanıldı - FOTO

14:00 26-08-2019 854

Avqustun 25-də Mingəçevir şəhər sakini Saleh Rəhimov Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus "VAZ 2106" markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.

Nazirliyin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müraciət aidiyyəti üzrə Mingəçevir şəhər Polis şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

"İsti izlər"lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.