Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün davamlı tədbirlər planı hazırlayır - RƏY

16:36 30-08-2019 1722

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən sonra Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Dövlət Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün davamlı tədbirlər planı hazırlayır.

Bunu HerGun.Az-a açıqlamasında iqtisadçı-ekspert İlham Əzizov "Moody's Investors Service" reytinq agentliyinin MDB-də islahatlara və onun nəticələrinə həsr edilmiş hesabatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bank sistemindəki islahatlar hələ yekunlaşmayıb.

"Bank sistemində islahatlar inkişaf edən dinamika üzrə davam etdirilməlidir. Neftin qiyməti kəskin ucuzlaşdıqdan sonra Azərbaycan bankları problemlərlə üzləşdilər", - deyə İ.Əzizov bildirib.

Ekspertin fikrincə, bankların dayanıqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlıdır:

"Manatın qiyməti tam şəkildə "üzən məzənnə"də deyil. Dövlət manatın məzənnəsi məsələsində nəzarəti əldən verməyib. Buna görə də hazırda bankların vəziyyəti stabildir".

İqtisadçının fikrincə, kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır.

"Kənd təsərrüfatını daha da inkişafı ilə həm ölkənin ərzaq təminatı yaxşılaşar, həm də büdcəyə kənd təsərrüfatından daxil olan vəsaitin miqdarı artar", - deyə İ.Əzizov qeyd edib. 

Ekspert onu da əlavə edib ki, Azərbaycan maksimum şəkildə iqtisadi islahatlar aparır. 

Qeyd edək ki, "Moody's Investors Service" reytinq agentliyinin analitiklərinin fikrincə, Azərbaycanda dövlət idarəçiliyi səmərəliliyi neft qiymətlərinin aşağı düşməsi nəticəsində ticarət şərtlərinin sürətlə pisləşməsi fonunda yüksəlib.

Hesabatda göstərilib ki, dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi Azərbaycan manatının dollara olan bağlılığını aradan qaldırıb. Bu isə xarici şokları bir qədər yumşaltmağa imkan verib.

Aqşin Kərimov