Pəhləvan qardaşlar bu dəfə fransızları heyrətləndirdi - MÜSAHİBƏ

08:45 31-08-2019 1056

Qubalı pəhlavan qardaşlar Fransanın Paris şəhərində, reytinqləri yüksək olan “Talant” şouya qatılıblar. Şoudan dəvət alan Hüseyn və Laçın qardaşları böyük bir tamaşaçı kütləsini nömrələri ilə heyrətləndiriblər.

Laçın Abdulhüseynovun HerGun.Az-a verdiyi müsahibəsini təqdim edirik.

- Laçın bəy 2 gün öncə ölkəyə böyük bir uğurla qayıtmısız. Fransa və bir çox ölkələrdən olan tamaşaçıları, izləyiciləri heyrətləndirmisiz. Dəvət kimdən oldu? Yarışın növbəti mərhələsində davam edəcəksizmi?

- Fransaya “Talant şou” programından şəxsi dəvət məktubu aldıq. “Azeri brothers” komandası olaraq dəvəti qəbul etdik və yarışa qatıldıq. 2 gün öncə vətənə qayıtmışıq. Gözəl çıxış etdik. Çıxışımızı çox bəyəndilər. Hətda orda bir jüri var idi. Və heçkəsi bəyənmirdi. Bizim çıxışımızdan sonra “axır ki, qeyri-adi nəsə gördük” dedi. 4 “hə” cavabı aldıq. Sonda bizimlə jüri heyəti xatirə fotosuda çəkdirdi. 2-ci tur üçün Fransaya yenə də yollanacayıq.

- Bundan öncə də böyük uğurlarınız olub. Bir çox ölkədə nüfuzlu yarışlara qatılmısız.

- İlk dəfə 2014 –ci ildə ANS tv-nin layihəsi olan “Göstər özünü” proqramına çıxmışıq. Sonra Qafqaz dünya rekordlar federasiyası tərəfindən təklif aldıq. Orda da rekordlar kitabına düşdük. Sonra Ukraynada təkrarladıq. Amerikaya gedəndən sonra isə Avropaya qapılar açıldı. Gürcistanda talant şouya dəvət aldıq. Orda finala çıxdıq. Daha sonra Kolumbiya, İtaliya, Ruminiya və Rusiyada yarışlara və televiziya verlişlərinə dəvətlər aldıq.

- Bilirik ki, atanız Əli Abdulhüseynov və əminiz də pəhlavan olublar. Sizlərdə onların yolunu davam etdirirsiz. Əsas hədəfləriniz nələrdən ibarətdir?

- Bizim əsas hədəfimiz bu sənətin ölməməsidir. Pəhlavan sənəti Azərbaycanın simvolu kimi tanınır. Həm atamızın və əmimizin sənətini davam etdiririk həm də ölkəmizi tanıdırıq. Biz artıq 9 qat rəsmi dünya rekordçusuyuq. Həmdə sənəti davam etdirmək üçün davamçılar yetişdiririk.

- Siz dünyanın bir çox ölkələrində uğur qazansazda Azərbaycanda televiziyalarda, efirlərdə görünmürsiz. Dəvət almırsız yoxsa dəvətləri qəbul etmirsiz?

- Dəvət alırıq. Həm də çox. 2015-ci ilə qədər efirlərə çıxırdıq. Bəzi televiziya kanallarına çıxmağımız yanlış idi.

- Bunun səbəbi nədir?

- Ona görə ki, bayramlar və ya hansısa tədbirlər olanda yada düşürük. Üstəlik bizi hansısa efirə dəvət edəndə deyirlər ki, çoxlu nömrə göstərin. Bilirsiz ki, bizim nömrələr riskli və ağırdır. Qorxunc nömrələrimizi efirdə göstərmək düz gəlmir. Bizim səhhətimiz üçün də təhlükəlidir. Biz xarici ölkələrə verlişlərə gedəndə onlar bizə qıymır. Deyirlər ki, nömrələrinizi internetdən götürüb göstərərik. Bizdə isə tam əksinədir. Bizimkilər ən ağır nömrələri istəyir və sayəmizdə reytinq qazanırlar. Biz efirə çıxıb toy tutmuruq. Biz efir məkanından istifadə edib 20 faiz torpağı işğal altında olan ölkədə gənclərdə vətənpərvərlik hissi oyadırıq. Vətənə sevgini təmsil edirik.

Qeyd edək ki, Laçın və Hüseyn Abdulhüseynov qardaşları hazırda Fransa və Slovakiyada yarışlara hazırlaşırlar. Bizdə Azərbaycanı layiqincə təmsil edən pəhləvan oğullarına uğurlar arzulayırıq.

Tehran Orucoğlu