II Avropa Oyunları: Cüdoçularımız günə qələbə ilə başladı

13:18 24-06-2019 571

Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarına inamla başlayıblar.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycan yığmasının beş cüdoçusu qüvvəsini sınayır.

100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Doşen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İqor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finalda fransalı Orelian Dyes ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerskaya (+78 kq) Yasmin Külbs (Almaniya) - Səbile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

Səbuhi Musayev