Cümhuriyyət parlamentinin stenoqramçı xanımı - Mollaların ondan xoşu gəlməyib

11:09 02-09-2019 854

XX əsrin əvvəllərində Azərbaycanda nəinki qızların, eləcə də, bəzi oğlanların təhsilinə qarşı çıxırdılar.

Bu, həmin dövrün cahiliyyət təfəkküründən irəli gəlirdi. 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması isə özü ilə inqilabi yeniliklər gətirdi.

Şərqdə ilk demokratik respublika olan AXC səsvermə prosesində də gender bərabərliyini qorudu. AXC Şərq aləmində qadınlara ilk seçki hüququ verən dövlət kimi tarixə düşdü.

Qadınların ictimai-siyasi proseslərdə iştirakı sürətləndi. Buna baxmayaraq, Cümhuriyyət parlamentinə cəmi bir qadın düşə bilmişdi. Söhbət Şəfiqə Əfəndizadədən gedir.

ARAYIŞ:

Ş.Əfəndizadə Gürcüstanın Cavaxetiya bölgəsində, Axalsıx rayonunun Azqur kəndində anadan olub.

Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu.

M.Şeyxzadə qadınlarla bağlı o dövrün düşüncə tərzinə meydan oxuyaraq, Şəfiqə və digər qızı Səidənin təhsil almalarına çox önəm verir.

Ş.Əfəndizadə 14 yaşında olarkən Şəkiyə gəlir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayır. Ş.Əfəndizadə burada çox qalmır, həmin il Bakıya gəlir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.

Bu zaman böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır.

Bununla da müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir.

Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. 

1906-cı ildə o, Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olub. 1910-cu ildən 1920-ci ilədək o, şəhər rus-tatar (Azərbaycan) qadın məktəbinin müəllimi olub. 

1915-ci ildən qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs deyib. 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilib, qurultayda iştirak edərək, söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışıb, yeni məktəblərin, teatrların açılmasını tələb edib.

1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımı aktından sonra qaçqın düşərək, Qubada, Azqurda, İstanbulda yaşayıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra - 1919-cu ilin aprelində Bakıya dönüb, pedaqoji işə bərpa olunub. Həmçinin, Cümhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq, orada bütün Azərbaycan qadınlarını təmsil edib. Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edib və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs deyib. 

1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilmiş qadınlar konfransında və qurultaylarında nümayəndə kimi iştirak edib. Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cəlb olunub, 1920-1926-cı illərdə darülmüəllimatda (qadın müəllim kadrları hazırlayan pedaqoji məktəb) dərs deyib.

1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlayıb, redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Şəfiqə Əfəndizadə 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. O, 1959-cu ildə Bakıda vəfat edib.

Bədii-publisistik yaradıcılığına ilk dəfə 1903-cü ildə "Şərqi-Rus" qəzetində başlayan Ş.Əfəndizadə sonralar "Dəbistan", "Məktəb", "Füqəra füyuzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq edib.

Ş.Əfəndizadə dövrün radikal ruhani təbəqəsinə də savaş açan xanım olub. Buna görə də, o, mollalar, ruhanilərin qəzəbinə tuş gəlir. Şəfiqə xanım bir gün yas məclisində kişilərin yığışdığı məkana daxil olur və mollanın səhv danışdığını görür.

Ş.Əfəndizadə buna etiraz edir. Bu isə molla ilə Ş.Əfəndizadə arasında mübahisəni dərinləşdirir. Məclisdəkilər isə mübahisədən hiddətlənirlər.

Şəfiqə xanım bir müəllim kimi də, şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradıb. O, qızların təhsilinə xüsusi önəm verib.

"Şərq qadını" onun haqqında belə yazıb:

"Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəllimi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olub". 

Aqşin Kərimov