Ekspert: Xarici investorların Ermənistana marağı itir

15:45 05-09-2019 914

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, ölkəsinin futbol yığması Avropa və dünya çempionu adını qazana bilər.

O, bu fikri bir ay öncə işğal olunmuş Xankəndində çıxış edərkən bildirib. Baş nazir Emənistanın komandasını Avropa və dünya birincisi edəcəyinə, 25 olimpiya medalı və şahmat üzrə dünya çempionu adını qazanacaqlarına dair vədlər verib.

Həmin çıxışında N.Paşinyan 2050-ci ilədək Ermənistan əhalisini beş milyon nəfərə çatdırmaq, respublikada yoxsulluğun kökünü kəsmək, ordunun döyüş qabiliyyəti indeksinə görə ölkələr arasında ilk 20-liyə düşmək və digər planlarından danışıb.

Baş nazir Ermənistan ÜDM-in yaxın 30 ildə 15 qat artmasını planlaşdırır. Lakin beynəlxalq ekspertlər və nüfuzlu təşkilatlar bu fikrə şübhə ilə yanaşırlar.

"Nikol Paşinyanın 2050-ci il üçün proqnozlaşdırdığı iqtisadi və digər göstəricilərə çatmaq planlarının icrası, şübhəsiz ki, mümkün deyil. Gəlin, Ermənistan iqtisadiyyatındakı real vəziyyətə baxaq. Ölkə əhalisinin, pul kütləsinin və xarici investisiyaların azalması iqtisadiyyatın artım imkanlarını məhdudlaşdırır", - deyə HerGun.Az-a politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, Ermənistan iqtisadiyyatının vəziyyəti son illərdə ürəkaçan deyil:

"Nikol Paşinyan tez bir zamanda iqtisadiyyatın artacağına dair vəd vermişdi. Lakin vaxt ötdükcə, sadəcə, Baş nazirin populist bəyanatlarının sayı artır - həm də təkcə iqtisadi məsələlərlə deyil, eləcə də daxili və xarici siyasi proseslərlə bağlı.

Bura Ermənistan-Azərbaycan münaqişəsi məsələsi də daxildir. Ona görə də Ermənistanda Paşinyanın çıxışlarına şübhə ilə yanaşanların sayı getdikcə artır. Onun 30 ilə Ermənistan iqtisadiyyatının kəskin inkişaf edəcəyinə dair "cəsarətli" proqnozları isə ölkənin acınacaqlı vəziyyətdə olduğunu göstərir. Elə buna görə də Baş nazirin belə nağıllarla Ermənistan cəmiyyətinin cahil təbəqəsini ruhlandırmaqdan başqa yolu qalmır".

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının zəifləməsi xarici investorların bu ölkəyə marağının azalması ilə bağlıdır:

"İlyarım ərzində bir sıra böyük investorlar - arxasında ermənilərin olduğu Rusiya diasporunun nümayəndələri, Rusiya kapitalı - Ermənistanı tərk edib. Onları heç bir ciddi xarici investor əvəz etməyib. Son zamanlar Yerevan tez-tez xaricdən kredit götürür, bu isə onsuz da böyük olan borc yükünü artırır. Hazırda ölkənin xarici borcu yeddi milyard dollardır. Bu rəqəm daim artmaqdadır.

Ermənistan statistik mənbələrinin məlumatına əsasən, Ermənistanın xarici borcu ölkə ÜDM-nin 60 faizini təşkil edir. Son zamanlar Ermənistanın xarici borcunun azalması barədə yayılan məlumatlar isə hökumətin borcu bağlamaq üçün kredit götürməsi ilə bağlıdır. İstənilən halda, bu cür göstəricilərlə belə qeyri-real planlar qurmaq olmaz".

Politoloqun fikrincə, Ermənistanın ticarət balansında son illərdə müşahidə olunan sabit mənfi saldo ölkə iqtisadiyyatını formalaşdıran daha bir ciddi amildir:

"Ölkə iqtisadiyyatında idxalın həcmi ixracın göstəricilərindən əhəmiyyətli dərəcədə çoxdur. Pulla hesablasaq, Ermənistana məhsulların idxalı ixracdan 1,5 milyard dollar çoxdur. Deməli, hər il ölkə çatışmayan malları xaricdən alaraq bu məbləği itirmək məcburiyyətindədir".

Ermənistana xarici investorların marağının olmamasını İ.Vəlizadə ölkənin xarici risklərə məruz qalması ilə əlaqələndirir:

"Birincisi, Ermənistan dövlət sərhədinin 80 faizi bağlıdır. İkincisi, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası riski mövcuddur. Bunlar da Ermənistan iqtisadiyyatının inkişaf perspektivlərinə mənfi təsir göstərir.

Yuxarıda deyilənləri nəzərə alsaq, Ermənistana ciddi investisiyaların cəlb olunması, ölkənin qısa zamanda orta inkişaf etmiş dövlətlər sırasına daxil olması reallıqdan çox, fantastikaya bənzəyir".

Rasim Babayev