FHN-in İdman Sağlamlıq Mərkəzinin gənc idmançılarının növbəti uğuru - FOTO

15:54 05-09-2019 1422

23-25 avqust 2019-cu il tarixlərində Türkiyənin Rizə şəhərində karate üzrə beynəlxalq turnir keçirilib. Bu yarışda 12 ölkədən 1500-dən çox idmançı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında üç gənc idmançımızla bu yarışa qatılaraq yüksək nəticələr göstəriblər.

Komandanın üzvü Fatma Hacıyeva 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində beş döyüş keçirərək, bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvü Əli Səfərov 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülüb.

3 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

23-24 avqust 2019-cu il tarixlərində Yaponiyanın Tokio şəhərində karate-do üzrə 14-cü dünya çempionatı keçirilib. Bu çempionata 52 ölkədən 750 idmançı, o cümlədən ölkəmizi FHN-in komandasını Karate-Do Federasiyasının rəhbəri, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza-xilasetmə kafedrasının rəisi, 7-ci dan qara kəmər sahibi, professor Əhməd Hətəmovun rəhbərliyi altında üç idmançımız, 65 kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyev mübarizəyə qatılaraq təmsil edib.

İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edərək +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olub.

5 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik F.Musayev Yaponiyanın Tokio şəhərində karate-do üzrə dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nailiyyətlərə görə təbrik edib, gələcək yarışlara müvəffəqiyyətlər arzulayıb və xatirə şəkliləri çəkdirib.