Kafedə avtomatdan atəş açaraq qətl törədən şəxsə ağır cəza verildi

17:18 05-09-2019 585

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

HerGun.Az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən kafelərdən birində ötən il avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib.

Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Abbasquliyevi saxlayıb.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.