Azərbaycanda dövlət-özəl dialoqu rəqəmsal platformaya keçir

12:45 06-09-2019 606

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat rəhbərlərinin görüşü keçirilib.

HerGun.Az xəbər verir ki, görüşdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində həyata keçirilən dövlət-özəl dialoqlarından danışıb:

"Komissiyanın üzvləri, katibliyi və işçi qrupları bir tərəfdən dövlət qurumlarının nümayəndələri, digər tərəfdən isə özəl sektorun təmsilçilərindən ibarət olmaqla, həm də beynəlxalq təşkilatların aparıcı konsaltinq şirkətləri və beyin mərkəzilərini, qeyri-hökumət təşkilatlarını əhatə edir".

O bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu uzunmüddətli strateji hədəflərə istiqamətlənməklə yanaşı, mobil idarəetmə strukturuna malikdir. Azranking.az portalı dövlət-özəl dialoqunu rəqəmsal platformaya keçirtməklə nəticə əsaslı fəaliyyəti təmin edir:

"Bu tip dövlət-özəl dialoqunun həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların inklüziv, nəticə əsaslı, kompleks və sistemli olmasını təmin edir. Azərbaycanda dövlət-özəl dialoqunun həyata keçirilməsi yaxşi idarəetmə və açıq hökümət prinsiplərinə uyğundur. Digər tərəfdən isə dövlət-özəl dialoqunun həyata keçirilməsi vətəndaş iştirakçılığı üçün geniş imkanlar yaradır. Beləliklə, iqtisadi siyasət fövqündə insan amili dayanır, iqtisadi siyasət Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənir. Çünki iqtisadi siyasətin formalaşmasında Azərbaycan vətəndaşı, müxtəlif təşkilatlanma formalarına – beyin mərkəzləri, ictimai təşkilatlar, biznes strukturları və dövlət strukturları vasitəsi ilə yaxından iştirak edir".

V.Qasımlı qeyd edib ki, mütəşəkkil qaydada həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq, bu gün Azərbaycan dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı ölkəsi kimi qiymətləndirilərək 190 ölkə arasında 25-ci yeri tutub:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bu il reytinqdə daha da irəliləyəcəyimiz güman olunur".

V.Qasımlı, həmçinin ictimai təşkilatları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işində daha yaxından iştirak etməyə, ayrı-ayrı işçi qruplarda təmsil olunmağa dəvət edib.

Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında portalın funksionallığı, eyni zamanda "Elektron" Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinə ətraflı məlumatlar verib. 

Portalın Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın rəqəmsal təşkili üçün yaradıldığı diqqətə çatdırılıb və Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümlərin yer aldığı qeyd edilib.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalda Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Ədliyyə Nazirliyinin İnformasiya təminatı şöbəsinin rəisi Qismət Qurbanov Prezident fərmanı əsasında yaradılan "Fərdi elektron pəncərə" elektron sistemi barədə məlumat verib. 

Könül Cəfərli