Salyan sakininin həyətindən 62 ədəd çətənə kolu aşkarlandı - VİDEO

20:36 06-09-2019 545

Salyan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin pay torpağından 62 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

HerGun.Az xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Marışlı kənd sakini, 37 yaşlı Daşqın Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Ona məxsus pay torpağına baxış keçirilib. Baxış zamanı pay torpağında aqrotexniki qaydada becərilmiş 62 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

İlkin dindirilmə zamanı məlum olub ki, Daşqın Əliyev çətənə kollarını əkib-becərmək üçün həmin ərazidə özünə lazımi şərait yaradıb. O yatacaqdan tutmuş qaz balonlarına kimi sözgedən əraziyə gətirib. Hətta çətənə kollarını suvarmaq üçün quyu da qazıb.

Polis əməkdaşları tərəfindən hündürlüyü 2,5-3 metrə qədər olan çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb.

Çətənə kolları və digər istifadə olunan əşyalar maddi sübut kimi götürülərək polis şöbəsinə aparılıb.

Saxlanılan şəxs isə istintaqa təhvil verilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.