“Boeing”dən yeni uğursuzluq: “777X” sınaqdan keçmədi

07:27 07-09-2019 477

Amerikanın “Boeing” aviatikinti korporasiyası özünün ən yeni “777X” laynerinin sınaqları zamanı texniki problemlərlə üzləşib.

Bu barədə “Agence France Press” vəziyyətlə tanış mənbəyə istinadən xəbər verir.

Qeyd edilir ki, keçən həftə aparılan sınaqlarda ABŞ Mülki Aviasiyanın Federal İdarəsinin (FAA) müfəttişləri iştirak ediblər. Gemetikliyin yoxlanılması zamanı təyyarənin qapısı yerindən uçub. Bu səbəbdən də sınaqlar dayandırılıb.

Baş verənlərlə bağlı “777X”in 2020-ci ilin əvvəllərinə planlaşdırılan ilk sınaq uçuşunun təxirə salınıb-salınmayacağı məlum deyil.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında “Boeing 737 MAX” təyyarəsi İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər həyatını itirib. Martda isə Efiopiyada eyni modelli təyyarənin qəzaya düşməsi nəticəsində 157 insan ölüb. Bundan sonra bir sıra ölkələrdə “Boeing 737 MAX” hava gəmilərinin istismarı dayandırılıb.