Baş nazirin müavini: Müxalifət Azərbaycan reallığının üzərinə kölgə salmaq istəyir

14:09 07-09-2019 961

Bizi qarşıda bələdiyyə seçkiləri kimi vacib kampaniya gözləyir. Yeni Azərbaycan Partiyası (YAP) lazımi kampaniya aparacaq.

HerGun.Az xəbər verir ki, bunu YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP-ın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib. 

Onun sözlərinə görə, bələdiyyə seçkiləri öncəsi ölkədə siyasi canlanma müşahidə edilir.

Ə.Əhmədov onu da əlavə edib ki, müxalifət elektorat formalaşdıra bilmədiyindən siyasi etikaya zidd addımlar atır.

"Biz müxalifətin yalan məlumat, "feyk" terroru metodundan istifadə etdiyinin şahidi oluruq. Təəssüflər olsun ki, biz müxalifətin hədələrinin, təhqirlərinin şahidi oluruq. Bununla da Azərbaycan cəmiyyətini siyasi proseslərdən kənarda saxlamaq niyyəti güdürlər". 

Ə.Əhmədovun fikrincə, müxalifətin hərəkətləri Azərbaycan cəmiyyətində ikrah doğurur.

"Onlar yalançı təbliğat aparırlar. Azərbaycanı Ermənistanla kobud şəkildə müqayisə edərək yalan məlumatlar çatdırırlar. Ermənistandakı həyatı başqa bir mənzərə altında təqdim etməyə çalışırlar. Bununla da Azərbaycan hökumətinin apardığı siyasətə qarşı inamsızlıq yaratmağa cəhd edirlər. Onların xarici xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil.

Azərbaycan cəmiyyətində bu cür müxalifətə etimadın olmasını təsəvvür etmək çətindir. Müxalifət Azərbaycan reallığının üzərinə kölgə salmaq istəyir".

Baş nazirin müavini qeyd edib ki, bütün siyasi qüvvələrin iştirakçıları qanunvericiliyə uyğun fəaliyyət göstərməlidir. 

Aqşin Kərimov