Vyaçeslav Trubnikov: "Şimal-Cənub" layihəsində Ermənistan olmayacaq

18:00 09-09-2019 1199

Mütəxəssislərin fikrincə, İran ətrafındakı vəziyyət "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi (MTK) layihəsinin həyata keçirilməsinə şübhə yaradır. Bu layihədə həm Rusiya, həm də Azərbaycan iştirak edir. Bundan başqa, Ermənistan da öz "Şimal-Cənub" layihəsini təbliğ edir.

Media.Az tanınmış rus dövlət xadimi, ordu generalı, Rusiya Federasiyası (RF) Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1996-2000), RF Xarici İşlər Nazirinin birinci müavini (2000-2004), RF-nın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2009), Rusiya Elmlər Akademiyasının Yevgeniy Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətləri İnstitutunun baş elmi işçisi, Rusiya qəhrəmanı Vyaçeslav Trubnikovun bu kimi məsələləri şərh etməsini istəyib. 

- Siz bölgənin ən məşhur mütəxəssislərindənsiniz. Sizcə, ABŞ-ın İrana qarşı sanksiyaları "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin tətbiqinə təsir göstərə bilərmi? Bu, Hindistana və digər ölkələrə giriş məqsədilə həyata keçiriləcək başlıca layihələrdəndir. 

- Bilirsiniz, əgər ətraflı analiz etsək, o zaman vəziyyəti "təhlükəli" adlandıra bilərik. Belə ki, əgər İranla müharibə başlasa, layihə baş tutmaya bilər. Ancaq mövcud vəziyyətdən danışarkən "Şimal-Cənub" nəqliyyat dəhlizi iqtisadi cəhətdən olduqca əlverişli və realdır. Əsas odur ki, bölgədə siyasi sabitlik olsun. Bu sabitlik olmadan heç bir, xüsusilə uzunmüddətli hər hansı layihədən danışmaq olmaz. Məsələn, deyək ki, Hindistan və Pakistan arasındakı münasibətlərin gərginləşməsi nəticəsində belə bu ideyanın həyata keçirilməsi ləngiyə bilər. Artıq İranın ABŞ ilə münasibətlərinin gərginləşməsi bu sferada izini buraxır. Əfqanıstandakı  vəziyyətin həlledilməzliyi isə sabitliyin pozulması üçün kifayət qədər əsaslı səbəbdir. Bu baxımdan hər şey bölgədə qarşılıqlı etimad mühitinin necə qurulacağından asılıdır. Təkrar edirəm, siyasi əlaqələrin, təmasların və qarşılıqlı etimadın möhkəm bazası olmadıqca, heç bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil.

Vacib olan bir şey də var: "Şimal-Cənub" MTK layihəsi ilə Çinin meqalayihəsi olan "Bir kəmər, bir yol" layihələrinin birləşməsi üçün ortaq yollar axtarmaq. Burada isə Çin və Hindistanın maraqları həmişə kəsişməyə bilər. 

- Məlumdur ki, Rusiya və Azərbaycan "Şimal-Cənub" MTK layihəsinə az sərmayə qoymayıb. Ancaq müharibənin yaxınlaşmasına dair hisslər var. Bəs ABŞ və İran arasındakı döyüş nə dərəcədə realdır? Aydındır ki, yerüstü əməliyyatlar ABŞ ordusu üçün böyük itkilərə səbəb olacaq. Bundan əlavə, Donald Tramp son onilliklərdə müharibə elan etməyən yeganə ABŞ prezidentidir.

- Avropa Birliyi və ayrı-ayrı Avropa dövlətlərinin mövqeləri ABŞ-ın İrana qarşı mövqeyi ilə birbaşa ziddir. Düşünmürəm ki, belə olan halda ABŞ-ın İrana qarşı hərbi əməliyyatları iqtisadi, siyasi və ya hər hansı başqa sahədə Vaşinqtona uğur qazandıra bilər.

ABŞ prezidenti Donald Trampın yanaşması ilk növbədə iqtisadi mənfəət aspektindən olur. Yeni bir müharibənin nə faydası ola bilər? Əfqanıstandan çıxmağa imkan tapmamış yeni bir müharibəyə başlamaq?  Düşünürəm ki, bir iş adamı olaraq Tramp üçün bu "əks göstəriş" olmalıdır.

- İrandan Ermənistana qədər "Şimal-Cənub" layihəsinin yeni bir qolunun yaradılması ideyası təbliğ olunur. Doğrudur, bunun üçün pul yoxdur ...

- Mənə elə gəlir ki, məsələ təkcə pulun olmaması deyil. Bu layihə hələ iqtisadi cəhətdən əsaslandırılmamış, təsdiqlənməmişdir. Nə qədər pul lazımdır? Nəticədə nə əldə olunacaq? Bütün suallar havadan asılıb. Bu nəticə üçün heç bir ciddi araşdırma, hesablama aparmadım, sadəcə reallıq görmədim.