Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında

12:50 11-09-2019 877

09 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Mehdi-zadə Samir Ramiz oğlunun cavabdehlər: 1. "Təhsil Şurası" İctimai Birliyinə, 2. Əli-zadə Hikmət Abdul oğluna, 3. Əsgərov Şaiq Əhəd oğluna, 4. Axundova Sevda Hidayət qızına və üçüncü şəxsə - Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı "Ümumi Yığıncağın 16.02.2019-cu il tarixli protokolunun və yekun qərarının etibarsız hesab edilməsinə dair" iddiasına baxış keçirildi.

Məhkəmə iclasına keçməzdən öncə qısa məlumat üçün qeyd edək ki, təməli 21 il öncə - 1998-ci ildə, Azərbaycan Müəllimlərinin 11-ci qurultayında qoyulan "Təhsil Şurası" İctimai Birliyi ( TŞ  İB ) Ümummilli Lider Heydər Əliyevin tövsiyə və təşəbbüsü ilə yaradılmışdır. Birlik 25.05.2001-ci ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Onu da qeyd edək ki, iddiada adı keçən cavabdehlər - Əli-zadə Hikmət Abdul oğlu TŞ-nin yeni sədri, Əsgərov Şaiq Əhəd oğlu TŞ sədrinin müavini, Axundova Sevda Hidayət qızı isə TŞ-nin yeni katibidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Mehdi-zadə Samir Ramiz oğlu sədrin, sədr müavinlərinin, katibin, ümumiyyətlə, Ümumi Yığıncağın saxta olduğunu, yığıncaqda iştirak edən şəxslərin çoxunun TŞ üzvü olmadığını və nəticələrin ləğv olunmasını tələb edir.Qısa zəruri məlumatdan sonra məhkəmə iclasının gedişatına nəzər salaq. Məhkəmə iclasında hakim Mədinə Bağırova cavabdehlərdən biri - "Təhsil Şurası" İB-nin nümayəndəsinin nə üçün məhkəmədə iştirak etmədiyini soruşsa da cavab tapılmadı. Məhkəmə prosesində Təhsil Şurası ilə bağlı hakimin, Samir Mehdi-zadənin və onun vəkilinin suallarına kimsə cavab verə bilmədi. Ona görə də hakim Mədinə Bağırova növbəti iclasda Təhsil Şurasının nümayəndəsinin iştirak etməsinin vacibliyini xüsusi olaraq qeyd etdi. İclasın gedişində növbəti cavabdeh - TŞ-nin katibi Sevda Axundovanın iclasda üzrsüz səbəbdən iştirak etmədiyi məlum oldu. Hakim Sevda Axundovanın telefon nömrəsini digər cavabdehlərdən - TŞ-nin sədrindən, TŞ sədrinin müavinindən soruşsa da, hər iki şəxs Sevda Axundovanın telefon nömrəsini bilmədiklərini dedilər. Hakim təəccüblə "Siz sədr, müavin, həmin xanım isə TŞ-nin katibidir, siz onun telefon nömrəsini necə bilmirsiniz?" soruşanda, TŞ-nin sədr müavini Şaiq Əsgərov "Mən onun sifətini iclasda bircə dəfə görmüşəm, hardan bilim nömrəsini?" cavabını verdi. Hakim TŞ-nin sədri Hikmət Əlizadəyə eyni sualı ünvanladı. Sədr də katibin telefon nömrəsini bilmədiyini dedi. Təkcə bu epizod onu göstərirdi ki, TŞ-nin sonuncu "qurultay"ı, yəni Ümumi Yığıncağı gurultulu, yəni “basməmmədi” şəraitində keçib. Yəni heç kim bir-birini tanımır. Bu, həqiqətən də rüsvayçılıqdır. Məhkəmənin gedişində TŞ-nin sədr müavini Şaiq Əsgərov bildirdi ki, “Ümumi Yığıncağın nümayəndələrini yığa bilmirdik. Ona görə də biz Təhsil Nazirliyinə çıxdıq ki, rayondakı nümayəndələrə ezamiyyət verin, onlar yığıncaqda iştirak etsin". Bu məsələ də ciddi şəkildə araşdırılmalıdır. 16.02.2019-cu il tarixli qanunsuz iclasın təşkilatçılarının Şuranın qanuni üzvləri ilə əlaqələrinin olmaması, üzvləri tanımamaları onların Şurada formal olaraq təmsil olunduqlarının sübut edir. Məhkəmənin gedişatında iddiaçı Samir Mehdi-zadənin və onun vəkilinin suallarına ancaq sədr müavini Şaiq Əsgərov nağılvari cavablar verirdi, konkret heç bir sənəd və sübut ortaya qoya bilmirdi. Hakimin hər sualına "Bizə vaxt verin..." deməklə kifayətlənirdi. TŞ sədri isə ağzına su almış kimi bütün iclas boyu ancaq "düşünürdü". Məhkəmə prosesinin gedişində hiss olunurdu ki, sədri və müavini TŞ-nin Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Arif İbrahimov idarə edir. Bir sözlə, məhkəmə prosesində açıq-aydın hiss olunurdu ki, qarşı tərəf, yəni cavabdehlər saxta yolla keçirdikləri tədbirin məsuliyyətini, saxta sənədlərlə dövlət qurumlarını aldatdıqlarını hiss etməyə başlayıblar. Ona görə də TŞ-nin sədri səsini çıxartmır, TŞ-nin xanım katibi iclasa gəlib biabır olmaq istəmir. TŞ-nin sədr müavini, Dövlət İqtisad Universitetinin prorektoru olan Şaiq Əsgərov isə məhkəmədə açıq şəkildə dedi ki, “Mən sədr müavini olmaq istəmirəm.  Burda bir qəpik pul yox, para yox, maliyyə yox və s." Əlbəttə, son sözü məhkəmə deyəcək. Amma tam əminliklə qeyd edim ki, nəticədən asılı olmayaraq, bu məsələ əsl komediya mövzusudur. Bu komediyada iştirak edən bütün personajlarla cəmiyyəti tanış edəcəyik.  NUH.az