Ekspert: Su nəqliyyatı bərpa olunsa, Kür lildən təmizlənər - FOTO

18:27 11-09-2019 522

Əvvəllər Azərbaycanda su nəqliyyat vasitələri geniş yayılsa da, hazırda bu nəqliyyatdan az istifadə olunur.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, vaxtı ilə Kür çayında gəmiçilik geniş vüsət alsa da, hazırda bu sahədə vəziyyət yaxşı deyil.

Ekoloq Elman Hacıyevin sözlərinə görə, su nəqliyyatı Kürətrafı bölgələr üçün də çox sərfəli nəqliyyat vasitəsi olub. Bir vaxtlar Kür çayında hərəkət edən gəmilər Kürətrafı rayonlara yüklərin daşımasını həyata keçirirdi. Mərkəzləşdirilmiş qaydada Şirvan şəhərindən Kür çayı vasitəsi ilə Salyan, Neftçala, eləcə də digər rayonlara taxta-şalban, yanacaq, duz və kənd təsərrüfatı məhsulları daşınırdı. Bununla yanaşı, su tramvaylarından da istifadə olunurdu. 

Su nəqliyyat vasitələrinin Kür çayında daim hərəkət etməsi lillənmənin qarşısını alır, nəticədə daşqınlar olmurdu. Həmçinin, o vaxtlar çayda balıqlar da bol idi. 

Son illər Kür çayının lillənməsinin qarşısını almaq üçün lilsovuran gəmilər vasitəsi ilə dibdərinləşdirilmə işləri aparılır. 

Ötən əsrin 70-ci illərin əvvəllərində qeyri-müəyyən səbəblərdən çayda su nəqliyyatının hərəkəti dayandırılıb. Bundan sonra artıq Kürün deltasında lil qatları çoxalmağa başlayıb.

E.Hacıyev bildirib ki, su nəqliyyatı bərpa olunarsa, çay lildən təmizlənməklə yanaşı, onun faunası da zənginləşər. Bundan başqa, ərazilərdə mini gəmilərlə sərnişinlərin daşınması ilə turizmi də inkişaf etdirmək olar. 

Qeyd edək ki, vaxtı ilə gəmilər Tiflisdən Kürün deltasına qədər hərəkət edib. Lakin sonralar çay üzərində yeni su anbarları tikilib. Hazırda Kür çayı yalnız Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik üçün yararlıdır.