Azərbaycanda havanın isti keçməsinin - SƏBƏBİ

17:00 25-06-2019 15

İyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir.

HerGun.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur:

“Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: Bakıda 37, Abşeron yarımadasında 39,6, Aran rayonlarında isə 40-42 dərəcə isti. Bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir.

Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır”.

U.Tağıyeva əhalini gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olaraq anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırıb:

“Valideynlər uşaqları davamlı olaraq Günəş altında qalmaqdan qorusunlar. Yaşlı insanların da Günəş altında olmaları məsləhət deyil.

Əhaliyə, həmçinin hava şəraiti ilə bağlı təsəlliedici xəbər vermək istərdim. Bakı-Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyunun 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək”.

Nazirlik rəsmisi vurğulayıb ki, ümumiyyətlə, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, təhlükəli hadisələrin artması ilə də səciyyələnir:

“Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz  iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər”.

O bildirib ki, Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır:

“Suyun səviyyəsinin 1995-ci ildə qeydə alınan maksimum göstəricidən 1,2 metr aşağı enməsi ahilyanı infrastruktur layihələrinin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir”.

U.Tağıyeva əlavə edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır:

“Buna cavab olaraq biz nə edə bilərik? Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.