Yol polisindən əhaliyə - MÜRACİƏT

17:18 25-06-2019 64

Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümünün başlaması ilə bölgələrdə kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişinin artması ilə əlaqədar baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.

İdarədən bildirilib ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən, kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların, habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir. Bu da yollarda görünüş dairəsinin məhdudlaşmasına və nəticədə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır:

“Bu kimi halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika saz vəziyyətdə olmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilən hərəkət marşrutlarından kənara çıxılmamalı və sürət rejiminə əməl olunmalıdır”.

Qeyd olunub ki, kənd təsərrüfatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa, DYP bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.