AŞ PA-da Ermənistanın Rusiyaya qarşı məqsədli “yanlışlığı” – Deputatdan ŞƏRH

20:36 25-06-2019 11

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiya nümayəndə heyətinin qurumun işində iştirak etməsinə imkan verən qətnaməni səs çoxluğu ilə qəbul edib.

Səsvermədə iştirak edən 190 deputatdan 118-i sənədin lehinə, 62 nəfər qətnamənin əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Maraqlıdır ki, Rusiyanın əleyhinə səs verən ölkələrdən biri də Ermənistan olub. Ermənistanın hakim “Mənim addımım” fraksiyasının deputatı Ruben Rubinyan onun səsinin guya texniki səhvə görə Rusiyanın əleyhinə hesablandığını deyib. 

Məsələni HerGun.Az-a şərh edən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Ermənistan bu addımı düşünülmüş şəkildə atıb:

“Ermənistan özü üçün əlverişli dost axtarır. Belə bir dost tapan kimi özünün bütün müttəfiqlərini tarixən satıb. Bu baxımdan dəfələrlə Rusiyanın əleyhinə tədbirlərdə çıxışlar edib. Ermənistan rəhbərliyi, erməni siyasətçilər və digərləri çox zaman ABŞ-ı, Avropa Şurasını dəstəkləyirlər, çox vaxt NATO-ya üzv olmaq üçün Rusiyanı kənara atırlar. Bu, birinci dəfə deyil və əslində bunu təbii qəbul etmək lazımdır”.

T.Rzayev qeyd edib ki, Ermənistanın vahid və düşünülmüş siyasəti yoxdur:

“O, özünə həmişə yaxşı, imkanlı tərəfdaşlar axtarır. O tərəfdaşları tapan kimi, əlbəttə ki, arxalandıqları, onlara kömək edən ölkələri satırlar. O cümlədən, Rusiyaya qarşı da belədirlər. Uzun illər Azərbaycan da ermənilərə qucaq açıb, onlara çörək verib, yardım edib. Ancaq həm 1905, həm 1918-ci ildə, həm də indi onların xəyanətkarlığının şahidi oluruq. Rusiyada da bir neçə dəfə erməni terrorçular qanlı aktlar törədiblər.

Bu mənada, onların Rusiyanın əleyhinə səs verməsində təəccüblü heç nə yoxdur və burada onların iddia etdiyinin əksinə, səhv olmayıb. Onlar həmişə arxada satqınlıq edirlər, lakin sonra danmağa çalışırlar. Ümumiyyətlə, Ermənistan hakimiyyəti Rusiyadan və Qərbdən yardımı dayandırmamaq üçün ikiüzlülük edir”.

Samir İsayev