Şamaxı susuz qaldı - Problem nə vaxt həll olunacaq?

21:27 25-06-2019 10

Şamaxıda sakinlər içməli suya həsrətdir.

HerGun.Az-ın xəbərinə görə, bir aydır ki, şəhərin Yavər Kələntərli, Malik Bayramov və Abbas Səhhət küçələrinin sakinləri içməli su üzünə həsrət qalıb.

Sakinlərin sözlərinə görə, şəhərin su-kanalizasiya sistemi beş il əvvəl yenilənib. Bütün evlərə su xətləri çəkilib, amma bəzi məhəllələr var ki, hələ də içməli sudan istifadə edə bilmir. Sakinlərə bir neçə ay öncə həftədə bir dəfə olmaqla, bir saat su verilirdisə, indi artıq o da dayandırılıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı HerGun.Az-a açıqlamasında bildirib ki, sakinlərin su probleminə səbəb havaların həddindən artıq isti keçməsidir. Belə ki, mövcud su quyularında suyun azalması, sözügedən ərazilərin yüksəkdə yerləşməsi su verilişinə mane olur.

“Yeni su mənbəyi və tikilən yeni su anbarı problemi kökündən həll edəcək”, - deyə qurum rəsmisi bildirib.