Azərbaycan ilk dəfə Para-Velosiped üzrə Dünya çempionatında iştirak edir

20:54 13-09-2019 435

Tarixdə ilk dəfə olaraq Azərbaycan təmsilçisi 49 ölkənin qatıldığı Para-Velosiped idman növü üzrə Dünya Çempionatında iştirak edir.

Hollandiyanın Emmen şəhərində baş tutan yarışda ölkəmizi velosiped idman növü üzrə paralimpiya yığma komandasının üzvü Mehman Ramazanzadə təmsil edib.

İdmançımız bu gün 20.8 kilometr məsafədə 18 ölkənin təmsilçisi ilə yarışıb. Bu yarış fərdi xarakter daşıyıb. Hər bir idmançı trasa fərdi olaraq çıxıb və sonda finişə ən tez çatmış idmançıların nəticələrinə əsasən qaliblər müəyyən olunub.

Azərbaycan təmsilçisi bazar günü qrup yarışlarında da iştirak edəcək.

Xatırladaq ki, para-velosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.

Onu da qeyd edək ki, hazırda Azərbaycanın Uşaq Paralimpiya Komitəsində para-velosiped idman növü üzrə də seksiyalar təşkil edilir.