Putin Ankaraya gedib

16:36 16-09-2019 549

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedib.

RİA Novosti” xəbər verir ki, o, burada bazar ertəsi Suriyaya dair üçtərəfli sammitdə iştirak edəcək, habelə Türkiyə və İran liderləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Ankaradakı hazırkı danışıqlar təminatçı dövlət başçılarının Suriya ilə bağlı beşinci görüşü olacaq. Bu formatda sammitlər daha əvvəl 22 noyabr 2017-ci ildə Soçidə, 4 aprel 2018-ci ildə Ankarada və 7 sentyabr 2018-ci ildə Tehranda baş tutub. Sonuncu görüş isə 14 fevral 2019-cu ildə Soçidə olub. 

Ankaradakı görüşdə liderlər gərginliyin qaldığı və terrorçuların geniş iştirakının müşahidə olunduğu İdlibdə və Suriyanın şimal-şərqindəki vəziyyətə toxunacaq, BMT-nin köməyi ilə suriyalıların özləri tərəfindən həyata keçirilən siyasi prosesin təbliği ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Bundan əlavə, danışıqlar zamanı qaçqınlara kömək və Suriyada əsas infrastrukturun bərpası mövzularına da toxunulacaq. Üçtərəfli danışıqlardan sonra dövlət başçılarının birgə bəyanatla çıxış edəcəkləri gözlənilir.