Kadr dəyişiklikləri hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da səmərəli edəcək - ŞƏRH

12:45 26-06-2019 627

Azərbaycan Prezidenti İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı son sərəncamları hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da səmərəli etmək məqsədi daşıyır.

Bu fikirləri HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Onun sözlərinə görə, həmin sahələrə rəhbərlik etmiş şəxslərin daha yüksək vəzifələrə təyin edilməsi onların fəaliyyətinə yüksək qiymət verildiyini göstərir:

“Yeni təyinat alanlar Azərbaycan cəmiyyətinə yaxşı tanış olan şəxslərdir. Onlar həmin sahələrdə özlərini təsdiqləmiş şəxslərdir, aparıcı sahələrdə rəhbərlik etmək bacarığında olduqlarını sübut ediblər.

Şübhəsiz ki, indi hüquq-mühafizə orqanlarının qarşıda duran vəzifələr daha yüksək səviyyədə həyata keçirilməlidir. Azərbaycanda dövlətçiliyimizin möhkəmlənməsi, təhlükəsizliyin təmin edilməsi istiqamətində bu orqanlar qarşısında yeni tapşırıqlar durur. Ümumiyyətlə, Azərbaycanda bütün sahələr üzrə vaxtaşırı islahatlar, yeniliklər edilir”. 

Millət vəkili ölkədə görülən işlərin, aparılan islahatların bir-biri ilə bağlı olduğunu əlavə edib:

“Müstəqilliyimizin qorunması, sahibkarlığın inkişafı, iqtisadiyyatın gücləndirilməsi, iş yerlərinin sayının artması, vətandaşların sosial rifahının artırılması, Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsində Azərbaycanın mövqeyinin gücləndirilməsi, Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanması - bütün bunlar bir-biri ilə sıx bağlıdır. Prezidentin vaxtaşırı bu və ya digər sahə ilə bağlı atdığı addımlar ümumilikdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir”. 

A.Mirzəzadə Azərbaycan hüquq-mühafizə orqanlarının verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyini də qeyd edib:

“Bu gün Azərbaycanda cinayətkarlıq MDB məkanında ən aşağı səviyyədədir. Bu gün istənilən qanunun pozulmasına çox operativ reaksiya verilir. Bu baxımdan həm Azərbaycanın öz təcrübəsi, eyni zamanda xarici təcrübədən maksimum istifadə edilir”, - o bildirib.

Deputat deyib ki, Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə olmasını Bakıda keçirilən böyük tədbirlərin təcrübəsi də sübut edir: 

“Bakıda keçirilən istər beynəlxalq tədbirlər, istərsə də idman yarışları hər biri insidentsiz baş tutub və Azərbaycan haqqında xoş təəssürat yaradıb. Nüfuzlu beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının bir neçə oyunun burada keçirilməsi gözlənilir. Heç bir şübhə yoxdur ki, Azərbaycan böyük tədbirlərin təhlükəsiz keçirən ölkə imicini bir daha göstərəcək.

Son dövrlərdə Bakıda ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün təşkil edilməsi də Azərbaycanın təhlükəsiz ölkə olduğunu və ölkəmizə etibarın mümkünlüyünü göstərir”. 

Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Onu Daxili İşlər naziri vəzifəsində Vilayət Eyvazov əvəz edib.

Digər sərəncamlara əsasən, Mədət Quliyev Müdafiə Sənayesi naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.