Avropa Oyunlarında badmintonçumuzdan vacib qələbə

15:36 26-06-2019 567

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni II Avropa Oyunlarında “G” qrupunda keçirdiyi ardıcıl ikinci görüşdə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb.

HerGun.Az xəbər verir ki, o, ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18, 21-15) hesablı qələbə qazanaraq buna nail olub.

Xatırladaq ki, Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21- 19, 18-21, 21-10) hesabı ilə qalib gəlib. Onun bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq.

Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq. “Minsk 2019”-da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında keçirilir. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparır.