Artur Lenk: Azərbaycanlı məktəblilər robot texnikası və kibernetikanı öyrənəcəklər - MÜSAHİBƏ

12:45 20-09-2019 1565

HerGun.Az-ın İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenklə müsahibəsi:

- Cənab Lenk, Azərbaycana səfərinizin məqsədlərindən danışın.

- 2005-2009-cu illərdə İsrailin Azərbaycandakı səfiri olmuşam. 2009-cu ildə diplomatik missiyamı başa vuraraq İsrailə qayıtdım və CAR-a (Cənubi Afrika Respublikası) səfir təyin edildim. 2017-ci ildə bu missiyanı da başa vuraraq dövlət sektorundan ayrıldım. Özümə sual verdim ki, bundan sonra nə işlə məşğul olacam? Pensiyaya çıxmaq üçün hələ tez idi.

Tanışlarımdan dəfələrlə bu illər ərzində Azərbaycanın iri addımlarla inkişaf etdiyini eşidirdim. Buna görə də qərara gəldim ki, Azərbaycana səfər edim və köhnə dostlarımla görüşüm.

2017-ci ilin sentyabr ayında “Çelsi” - “Qarabağ” oyununa baxmaq üçün Bakıya səfər etdim. Ağ şəhərin, Bakı limanının, hava limanına gedən yolun, hava limanının necə dəyişdiyi məni heyrətləndirdi.

Amma dəyişməz qalan məsələlər də var idi. Görüş vaxtı hər şeydən əvvəl dünyanın ən yaxşı çayını təklif edirlər. Heç kəs səndən çay və ya qəhvə istəyib-istəmədiyini soruşmur. Beləcə, bəzi şeylər dəyişsə də, dəyişməyənlər də var.

Bakıya səfərim zamanı mən həm də o dövrün Təhsil naziri Mikayıl Cabbarovla görüşdüm və Azərbaycanın belə yüksək inkişafına və səkkiz il ərzində ölkə rəhbərliyinin nələrə nail olduğuna heyran qaldığımı dilə gətirdim.

Söhbət zamanı məktəblilər üçün İT biliklərinin və bu sahənin təliminin vacibliyi məsələsinə toxunduq. Keçmiş Təhsil naziri şagirdlərin ilk siniflərdən robot texnika, alqoritm məntiqi, İT texnologiya biliklərinə yiyələnmələrinin vacibliyini vurğuladı. Mən də bu istiqamətdə İsrail təcrübəsindən danışdım və biz iki ölkə arasında müştərək layihələri müzakirə etdik.

2017-ci ilin noyabr ayında mən İsrailə qayıtdım, təhsil sahəsində bir sıra mütəxəssislərlə görüşdüm, yuxarı sinif şagirdləri üçün proqramlar hazırlayan “ORT” universitetində oldum və Azərbaycan üçün bir sıra təkliflər hazırladıq.

Bildiyiniz kimi, İsraildə kişilərlə yanaşı, qadınlar da hərbi xidmətə yollanırlar. Kişilər üç, qadınlar iki il hərbi xidmət edir. Mənim kiçik qızım hazırda orduda xidmət edir. 

Misal üçün, robot texnikası, kibernetika, proqramlaşdırma və ya texnologiyanı öyrənən, üç il orduda xidmət edən və bu sahə üzrə işləyən insanlar var. 21 yaşında bu şəxs hərbi xidməti başa vurur və artıq müəyyən peşəyə yiyələnir. Sən kibernetika üzrə mütəxəssissən, çünki üç il bu işlə məşğul olmusan və yaxşı iş tələb edirsən.

Azərbaycanda Təhsil naziri Ceyhun Bayramov təyin edildikdən sonra da bizim müzakirələr davam etdi. Azərbaycan digər ölkələrin təcrübəsindən istifadə edərək təhsili transformasiya etmək və səviyyəsini artırmaq istəyir. Bu işdə isə İsrailin təcrübəsini çox faydalı hesab edir.

2018-ci ildə İsrail-Azərbaycan İşçi qrupunun səfəri zamanı Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələri İsrailin ən böyük təhsil ocaqlarından biri olan “ORT İsrael” şəbəkəsi ilə tanış oldu.

Universitetin əsas fəaliyyət istiqamətlərindən biri biznes, sənaye, ordu və digər sahələrdə tətbiq ediləcək texnologiyaların öyrənilməsidir. STEM gənclərə innovativ və kreativ olmağı öyrədən fizika, riyaziyyat və texnologiya fənnlərinin spesifik təlim üsuludur. Beləcə, bir il əvvəl Azərbaycanın Təhsil Nazirliyi ilə “ORT” arasında müqavilə imzalandı.

Müqavilə imzalandıqdan sonra 50 azərbaycanlı müəllim (yuxarı siniflərin) təhsil sistemini daha dərindən öyrənmək üçün İsrailə səfər etdi. Sonra isə israilli ekspertlər Azərbaycana gəldi.

- Yəni Azərbaycanda yeni fənlərin tədrisinə başlanacaq?

- Azərbaycanda yeni tədris ilə başladı və 5000 azərbaycanlı şagird bu ildən etibarən STEM və robot texnikasını ilk dəfə olaraq öyrənməyə başlayacaqlar. Plan uzunmüddətlidir və kibertexnika, aeordinamika kimi fənlərin də öyrənilməsini ehtiva edir. Sonra isə növbəti mərhələdə digər sahələr də əlavə olunacaq.

- Bəs müəllim heyəti necə olacaq? Azərbaycanda ixtisaslaşmış kadrlar varmı? Çünki bu fənlər yenidir...

- Bəli, bu fənlər yenidir, buna görə də biz əməkdaşlıq edirik. İsrail mütəxəssisləri azərbaycanlı müəllimlərə təlimlər keçirlər.

Müasir dünyada iqtisadiyyat, elm və ictimai həyatda yüksək texnologiyalar böyük önəmə sahibdir. Bu səbəbdən kompüter sferasında biliklərin dəyəri böyükdür. İsrail texnologiya və innovasiya sahəsində çox inkişaf etmiş ölkədir.

Azərbaycan son illərdə innovativ layihələrlə aktiv şəkildə maraqlanır. Digər ölkələrlə əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil sahəsinə İT layihələrin əlavə edilməsi, ADA Universitetinin təşəbbüsü ilə informatika üzrə 31-ci Beynəlxalq Olimpiadanın keçirilməsi...

Əminəm ki, yaxın gələcəkdə bütün bunlar müsbət nəticəsini verəcək. Bu aspektdən isə İsraillə uzunmüddətli dostluq münasibətləri və əməkdaşlıq Azərbaycan üçün böyük imkanlar yaradacaq.

- Onlar sizin yuxarıda qeyd etdiyiniz fənləri öyrənəcəklər?

- Azərbaycanın Təhsil Nazirliyində mənə deyilən vacib məsələlərdən biri də məktəblilərə iş axtarmağı öyrətməkdir. Bəzən bu, “peşəkar hazırlıq” adlandırılır. Məktəbdə hamıya ümumi fənlər tədris edilir. Sən universitetə daxil ola bilərsən, akademik ola bilərsən. Amma insanların əksəri elmlə məşğul olmaq üçün universitetə daxil olmurlar. Onlar, sadəcə, iş tapmaq üçün bu biliklərə yiyələnmək istəyirlər.

Bildiyim qədərilə, Azərbaycanda prioritet sahələrdən biri də kənd təsərrüfatıdır. Sizdə bu sahəyə daha çox insan cəlb etmək istəyirlər. İdeyaya əsasən, gənclər kənd təsərrüfatı sahəsində mütəxəssis kimi yetişməlidirlər. Problemlərdən biri isə bu sahədə müəllim çatışmazlığıdır.

İsraildə kənd təsərrüfatı kompleksinə aid kifayət qədər yaxşı müəllim var və biz noyabr ayında Azərbaycana İsraildən 15 müəllim göndərməyi planlaşdırırıq. Onlar bir ay Azərbaycanda qalacaqlar və kənd təsərrüfatı sahəsinə aid bilikləri öyrədəcəklər. İsrailli partnyorlar onlar üçün kənd təsərrüfatına aid kurikulum hazırlayacaqlar. Növbəti mərhələdə biz əməkdaşlığı peşəkar təhsil sahəsində davam etdirməyi planlaşdırırıq.

Məlum olduğu kimi, İsraillə Azərbaycan arasında ticarət sahəsində əməkdaşlıq ildən-ilə daha da inkişaf edir. Əgər əvvəllər neft-qaz sahəsində əməkdaşlığa daha çox diqqət ayrılırdısa, son illər iqtisadiyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki kimi sahələrdə də sıx əməkdaşlıq münasibətləri qurulub.

- Azərbaycan və İsrailin müştərək ali təhsil ocağının açılması planlaşdırılır?

- İki ay əvvəl mən Azərbaycanın Təhsil Nazirliyində oldum. Bizim müzakirə mövzularımızdan biri kibernetika idi. Hələlik razılaşma əldə etməsək də, bunun olacağına ümid edirəm. Biz gənc kibermütəxəssislərin hazırlanması üçün akademiya açmaq istəyirik.

İdeyaya əsasən, biz sizə maşın və texnologiya yox, bilik satacağıq. İngilislər “capacity building”, yəni potensialın artırılması terminindən istifadə edirlər. Fikrimcə, insan potensialının artırılması daha vacibdir.

Yaxşı bir müəllim insanların həyatını dəyişə bilər. Əgər yaxşı bir müəllim 20-30 il işləyirsə, tədris etdiyi fənni əla bilir, tələbə və şagirdlərini ruhlandırır, onlara kreativ və innovativ olmağı öyrədir, yaxşı iş əldə etməyə imkan yaradır. Bu, ölkəni yaxşılığa doğru aparır.

Müasir insan elektron cihazlardan asılıdır və sutkanın 24 saatını onlarla keçirir. Mənim bütün informasiyam burada yerləşir (öz mobil telefonunu göstərir). Hazırda bütün sahələrdə elektronikadan istifadə edilir.

Bu səbəbdən, bütün ölkələr, şəhərlər, biznes-strukturlar, dövlət qurumları, bir sözlə, hamının kibertəhlükəsizliyə ehtiyacı var. Biz ən müasir texnologiyanı ala bilərik, amma sənin bu sahədə ekspertin yoxdursa, bu texnika faydasızdır.

Bu səbəbdən də Azərbaycanın bu sahədə mütəxəssislərə ehtiyacı var. Ümid edirəm ki, bu istiqamətdə də əməkdaşlıq edəcəyik və Təhsil Nazirliyinin himayəsi altında akademiya quracağıq.

Müasir gənclik elektron texnologiyanı yaxşı anlayır. Çünki bütün dünya elektron qadcetlərdədir. Kinolar, musiqilər, oyunlar və s.

Bu səbəbdən də gənclər kibertexnologiyaya həvəslidirlər və texnologiya, kibertəhlükəsizlik, proqramlaşdırma sahələrində mütəxəssis olmaq üçün bazaya malikdirlər. İsrailin bu sahədə yüksək ixtisaslı mütəxəssisləri var və Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır.

Buna görə də mənə - Azərbaycanın köhnə dostuna geri qayıtmaq və bu məsələlər barədə danışmaq çox maraqlı və cəlbedicidir.