Hərbi ekspert son bir ildə ordumuzdakı yeniliklərdən danışdı - MÜSAHİBƏ

21:18 26-06-2019 70

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür. Düz 101 il əvvəl Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycanda ilk hərbi hissə - əlahiddə korpus yaranıb və orduya çağırış haqqında fərman verilib. 

Hazırda ordumuz dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Silahlı Qüvvələri müasir silah və texnikalarla təchiz olunub.

Hərbi ekspert Ramil Məmmədli HerGun.Az-ın son bir ildə ordumuzun daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında suallarını cavablandırıb:

- Son bir il ərzində Azərbaycan Ordusunun modernləşməsi üçün hansı tədbirlər görülüb?

- Ötən bir il Azərbaycan Ordusunun müasirləşməsi baxımından uğurlu il olub. Nəzərə alsaq ki, yenilənmə, modernləşmə və xidmətin təkmilləşdirilməsi təkcə yeni texnikaların alınması deyil, onda bu məqam üzərində xüsusi dayanmaq lazımdır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, ordumuz ötən bir il ərzində şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi üçün müxtəlif miqyaslı təlimlər keçirib. Misal olaraq, ötən dövr ərzində 10-dan çox irimiqyaslı təlim baş tutub. Bu təlimlər bütün qoşun növlərini əhatə edib. 

Bundan başqa, ordumuzun bölmələri xaricdəki hərbi təlimlərə, xüsusilə də Türkiyədə keçirilən təlimlərə qatılıblar. Azərbaycan Ordusu NATO-ya inteqrasiyası çərçivəsində Türkiyənin hərbi qurumları ilə sıx əməkdaşlıq həyata keçirirlər. Məsələn, “TurAz Qartalı-2018” Hərbi Hava Qüvvələrinin təlimi şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi baxımından bu cür təlimlərin əhəmiyyəti böyükdür və Azərbaycan Ordusunun modernləşməsinə böyük töhfə verir. Yeri gəlmişkən, ordumuzun bəzi təlimləri cəbhəyə yaxın bölgələrdə keçirilir. Bu da hərbi birləşmələrimizin şəraitə uyğun birgə döyüş əməliyyatlarının keçirilməsi prosesində öz müsbət tərəfini göstərəcək. 

Müdafiə Nazirliyinin yeni hərbi hissələrinin yaradılması, şəraiti yaxşı vəziyyətdə olmayan, sovet ordusundan qalan hərbi hissələrin yenilənməsi - modernləşməsi prosesi də davam etdirilib. Məhz bütün bu sadaladığım faktlar ordunun təkmilləşdirilməsinə və modernləşdirilməsinə gətirib çıxarır və bu istiqamətdə böyük işlər görülür.

- Ordumuz bu müddət ərzində hansı yeni silahlarla təmin olunub?

- Ötən bir il ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişafı üçün də vacib işlər görülüb. 2018-ci il ordumuzda yeni silah sistemlərinin və hərbi texnikaların silahlanmaya qəbulu baş verib. Yeni silah və texnikaların bir qismi xarici ölkələrin aparıcı şirkətlərinin istehsalı olsa da, yerli hərbi sənayenin yaratdığı nümunələr də silahlanmaya qəbul edilən məhsullar arasında yer alıb.

Ötən ilin yaddaqalan hadisələrindən biri “Polonez” operativ-taktiki raket kompleksinin silahlanmaya daxil edilməsi olub. Bundan başqa, ordumuz “Super Muşşak” təlim təyyarəsi, “Spear Mk.2” minaatan, “Mühafiz” döyüş modulu, “Qroza-S”, İHTAR anti-PUA sistemləri, “İldırım RP-10” radiopartladıcı radiokanal sistemi, NTW-20 antimaterial snayer tüfəngi, milli istehsalımız olan HP-7.62 pulemyotu, AQK-30 avtomat qumbaraatan kompleksi, AR-15 “Aztex” avtomatı və digər texnikalarla arsenalını gücləndirib. Bununla yanaşı, sovet ordusundan miras qalmış hərbi texnikaların modernləşməsi prosesi aparılıb və bu iş indi də davam etdirilir. Qeyd etdiyim bu silahlar və daha əvvəl satın alınan hərbi vasitələr təlimlərdə istifadə edilir. Bu da hərbçilərimizin yeni texnikalarla daha yaxından tanışlığına şərait yaradır. 

- Müdafiə naziri çıxışlarında Azərbaycan Ordusunun kiçik hissəsinin Aprel döyüşlərində 18 dəqiqə ərzində düşmənin müdafiə xəttini yardığını deyib. Ermənistanın baş naziri Nikol Paşinyanın belə biabırçı məğlubiyyətdən sonra yenidən müharibə bəyanatı verməsi hansı məntiqə sığır?

- Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı mövqeyi, işğalçılıq siyasətini davam etdirməsi, erməni qoşunlarının rəhbər heyətinin bu kimi təxribat xarakterli çıxışlarının əsas səbəbi cəzasızlıq sindromudur. Beynəlxalq qurumların, ATƏT-in Minsk qrupu həmsədrlərinin, bu münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürmüş ölkələrin ikili standartları və ya ədalətsiz mövqeyi bu cəzasızlıq sindiromunu yaradan amillərdən əsasıdır. Ermənilər düşünürlər ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamayacaq və ya buna imkan verməyəcəklər. Lakin Azərbaycanın 2016-cı il döyüşlərindəki sürətli zərbə əməliyyatı ermənilərin narahatlığının əsasını qoydu. Əlbəttə, Ermənistan rəhbərləri tərəfindən bu məntiqsiz çıxışlar indi də davam etdirilir. Qeyd etdiyim kimi, bütün bunlar cəzasızlıq sindromu ilə bağlıdır. 

- Ümumiyyətlə, son vaxtlar ermənilərin cəbhədə fəallaşması nə ilə bağlıdır? 

- Ermənistan düşünür ki, Azərbaycan Ordusu 2016-cı il hücumunu təkrarlamayacaq. Amma bu, yanlış fikirdir. Ordumuzun növbəti hücumu artıq daha başqa formatda və qarşısıalınmaz şəkildə olacaq. Bu məsələ ilə bağlı başqa yanaşma da var. Hesab edirəm ki, ermənilərin qoşunların təmas xəttində törətdiyi təxribatların əsasında həm də Ermənistanın daxilindəki çəkişmələr durur.

Samir İsayev