Rusiyanın AŞ PA-ya üzvlüyü bərpa edildi - Azərbaycan da dəstəklədi

22:27 26-06-2019 723

Beş illik fasilədən sonra Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclaslarında yenidən iştirak edəcək.

Rusiya nümayəndə heyətinin bütün səlahiyyətləri, o cümlədən səsvermə hüququ tamamilə bərpa olunub.

Rusiyanın üzvlüyünün bərpası üçün 116 deputat lehinə, 62 deputat əleyhinə səs verib, 15 nəfər isə bitərəf qalıb.

Daha öncə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, əgər nümayəndə heyətinin səlahiyyətləri bərpa edilməsə, Rusiya AŞ PA-ya üzvlükdən çıxacaq.

Xatırladaq ki, 2014-cü ildə Krım məsələsinə görə AŞ PA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınmışdı. Rusiya da bu sanksiyaya reaksiya olaraq 2016-cı ildən etibarən öz nümayəndə heyətini AŞ PA-ya göndərməmək barədə qərar qəbul etmiş, Avropa Şurasının büdcəsinə töhfə payını (illik 33 milyon avro) verməkdən imtina etmişdi.

Qeyd edək ki, Azərbaycan Rusiyanın AS PA-da üzvlüyünün bərpa edilməsini dəstəkləyib.